Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY tərəfindən təşkil olunan fotosərginin Türkiyənin şəhərlərində səyyar nümayişi davam edir. Növbəti tədbir avqustun 2-də İstanbulda təşkil olunub.

TÜRKSOY və İstanbul Maltəpə Bələdiyyəsinin işbirliyində gerçəkləşən sərgi Özbəkistana həsr olunub.

Tədbirdən əvvəl TÜRKSOY Baş katibi Düsen Kaseinov və Maltəpə bələdiyyə başqanının müavini  Canan Döner ilə görüşüb. Görüşdə TÜRKSOY ilə Maltəpə Bələdiyyəsi arasında əməkdaşlıq, həyata keçirilən fəaliyyət və gələcək planlar müzakirə edilib.

Görüşdən sonra Düsen Kaseinov və Canan Dönerin iştirakı ilə TÜRKSOY–Özbəkistan fotosərgisinin açılış lenti kəsilib. Türkan Saylan Mədəniyyət Mərkəzində düzənlənən sərgidə Özbəkistanın tarixi abidələri, təbiət gözəllikləri, mədəniyyəti, incəsənəti, ənənələri və memarlığını əks etdirən fotolar nümayiş etdirilib. 

Xatırladaq ki, TÜRKSOY-un İstanbul Maltəpə Bələdiyyəsi ilə əməkdaşlığı əsasında bu ilin martında Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyi münasibətilə sərgi keçirilmişdi.

Mehparə SULTANOVA

Ankara