Türkiyədə “TADEV Yayınları” nəşriyyatında azərbaycanlı yazıçı Varisin “Qızıl cib saatı” romanı nəşr olunub. “Kitabyurdu”, “Kitab365.com” və digər platformalar üzərində kitabın satışına başlanılıb.

Müəllif erməni millətçiliyinin 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanətkar fəaliyyətindən 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövrü əhatə edən riyakar maskasını aça biləcək romanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin materialları əsasında qələmə  alıb. “Qızıl cib saatı” dünya oxucusuna ünvanlanmış bir romandır.

Xalq yazıçısı Kamal Abdullanın “Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir” deyə qiymət verdiyi roman Diasporla iş üzrə Dövlət Komitəsinin, habelə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfinin dəstəyi ilə işıq üzü görüb. Əsəri Türkiyə türkcəsinə İmdat Avşar çevirib.