İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınan məcburi köçkünlər avqustun 3-də doğma Laçın rayonuna səfər ediblər. Səfər zamanı həmin məcburi köçkünləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov müşayiət edib.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 2005-ci il 6 aprel tarixli iddiaları üzrə 2015-ci il iyunun 16-da qəbul etdiyi qərarda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu əksini tapıb. Lakin qərarın qəbulundan altı ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə qoyulan öhdəlikləri yerinə yetirmir, zərərçəkmiş kimi tanınan altı nəfər Azərbaycan vətəndaşına vurduğu mənəvi və maddi ziyana görə təzminat ödəmir. Həmçinin qərara əsasən, cavabdeh dövlət azərbaycanlı qaçqınların və məcburi köçkünlərin hüquqlarının bərpası üçün xüsusi mexanizm yaratmalı olsa da, bu məsələ də Ermənistan tərəfindən icra olunmamaqdadır.

Presedent xarakteri daşıyan bu iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı beynəlxalq məhkəmə orqanının azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən ilk və hələlik yeganə sənədidir.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bununla bağlı AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün biz Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsi nəticəsində işğaldan azad edilmiş Laçın rayonuna gəlmişik. Səfərimiz bu rayondan olan məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün işlərə başlanmasının işarəsidir. Məlumdur ki, Avropa Məhkəməsinin qərarı ilə Laçın rayonunun altı sakininin insan hüquqlarının Ermənistan tərəfindən pozulması əksini tapıb. Bu gün birlikdə gəldiyimiz sakinlər həmin qərarda zərərçəkmiş kimi tanınan şəxslər - Çıraqlı, Kamallı və Ağbulaq kəndlərindən olan məcburi köçkünlərdir. Biz həmin şəxslərin doğma evlərinə, daha dəqiq desək, evlərinin qalıqlarına baş çəkməyə gəlmişik. Bununla da Avropa Məhkəməsinin məlum qərarının tərəfimizdən icrası üçün tədbirlərin görülməsi zəruriliyini göstərmək istəyirik”.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məlum qərarının tələblərinin Ermənistan tərəfindən hələ də icra olunmadığını xüsusi qeyd edən Çingiz Əsgərov bildirib: “Həmin qərarla Ermənistan dövləti üzərinə bir sıra öhdəliklər qoyulub. Qərara əsasən, Ermənistan həmin sakinlərə Avropa Məhkəməsi tərəfindən müəyyən edilən təzminat ödəməlidir. Bundan əlavə, qərara əsasən, Azərbaycanın bütün məcburi köçkün və qaçqınlarının pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etmələri üçün mexanizmin yaradılması barədə də Ermənistan dövləti üzərində öhdəlik müəyyən edilib. Ancaq qərarın qəbulundan ötən müddətdə bu öhdəlik də Ermənistan tərəfindən yerinə yetirilməyib. Biz səfərimizlə göstəririk ki, bu məsələ Azərbaycan dövlətinin diqqətindədir. Bütün istiqamətlərdə hücum siyasəti həyata keçirən Azərbaycan dövləti bu məsələdə də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək və öz məqsədlərinə nail olacaq”.

Laçınlı məcburi köçkünlər otuzillik həsrətdən sonra doğma yurdlarına qayıtmaqdan sonsuz sevinc duyduqlarını bildiriblər.

Avropa Məhkəməsinin qərarında zərərçəkmiş kimi tanınan Laçın rayon sakini Adışirin Çıraqov deyib: “Doğma torpağımıza qovuşmağın yaratdığı sevinc hissini necə ifadə edəcəyimi bilmirəm. Laçını tərk etməyə məcbur qaldığımız ilk gündən daim mübarizə aparmışıq. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı çoxlarına məlumdur. Həmin işlə bağlı məhkəmə insan haqları, torpaq və əmlak məsələlərinə dair üç iddiamıza baxıb və 2015-ci ildə xeyrimizə qərar qəbul edib. İddialarımız təmin olunana qədər mübarizəmizi davam etdirəcəyik”.

Məcburi köçkün Fəxrəddin Paşayev deyib: “İşdə zərərçəkmiş kimi tanınan hər bir ailəyə məhkəmənin qərarı ilə Ermənistan tərəfindən rəmzi olaraq 5 min avro məbləğində təzminat ödənilməsi əksini tapıb. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu tələbi yerinə yetirməkdən boyun qaçırır. Buna görə də məhkəmə təzminatın ödənilməsinə dair ikinci dəfə qərar qəbul edib. Təəssüf ki, Ermənistan hələ də həmin təzminatı ödəməyib. Biz döyüş meydanında qələbə qazanıb torpaqlarımızı azad etdiyimiz kimi, bu təzminatı da Ermənistana ödətdirəcəyik. Çünki “qisas qiyamətə qalmaz” deyiblər. Bu məsələdə güzəştə getməyəcəyik. Ən önəmlisi budur ki, biz hüquqi müstəvidə də, hər meydanında da qalib gələn dövlətin vətəndaşları kimi Laçına gəlmişik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Müzəffər Ali Baş Komandamızı qorusun”.