Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən də müxtəlif tədbirlər, layihə və aksiyalar həyata keçirilir.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Göyəzən” filialında ağacəkmə aksiyası təşkil olunub.

Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynlinin bildirdiyinə görə, qoruq ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın qorunması üçün mütəmadi olaraq müxtəlif növ ağaclar əkilir. Bu il isə Göyəzən dağının ətəklərində 880 ədəd Eldar şamı və badam tingləri əkilib. Ərazidə təmizlik, səliqə-sahman işləri aparılıb. Yeni əkilən ağacların suvarılması və qorunması üçün zəruri tədbirlər görülür.