Xəbər verdiyimiz kimi, məşhur amerikalı vokalçı Della Miles Azərbaycan Mədəniyyət Nazirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə ölkəmizə səfərə gəlib.

Amerikalı müğənninin səfərinin məqsədi 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Qarabağ torpaqları ilə tanış olmaq, həmçinin Şuşaya və Vətən müharibəsində Zəfərə həsr edilmiş “Xarıbülbül” mahnısını tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərovla birgə duet ifa etməkdir. Mahnının sözlərinin müəllifi  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, musiqi müəllifi gənc bəstəkar, beynəlxalq müsabiqələr laureatı Tural Məmmədlidir.

Della Miles səfər çərçivəsində xanəndə Qoçaq Əsgərov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və bir qrup mədəniyyət işçisi ilə birlikdə Füzuli rayonda olub. Amerikalı vokalçıya rayonda erməni vandalizminə məruz qalmış tarixi, mədəni və dini abidələr barədə məlumat verilib. Qoçaq Əsgərovun ailəsinin işğaldan azad edilmiş Qoçəhmədli kəndindəki evinə də baxış keçirilib.

Müğənni qeyd edib ki, Azərbaycana dəvət olunmazdan öncə Qarabağın tarixi ilə maraqlanıb, xalqımız üçün doğma torpaq uğrunda mübarizənin necə tarixi əhəmiyyət kəsb etdiyini anlayıb. “Xarıbülbül” mahnısını oxumaqla mən özümü bir növ döyüşçü kimi hiss etdim”, - deyə Della Miles bildirib.

Qeyd edək ki, amerikalı müğənninin bir neçə ay öncə Ordumuzun Qarabağ Zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb.