Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Quba meydanındakı parkda kiçik yaşlı oxucular üçün “Yay oxu zalı” təşkil olunub. Tədbirin keçirilməsində məqsəd tətil günlərində uşaqları kitabxanaya cəlb etmək və onların yaradıcılıq qabiliyyətini artırmaqdan ibarətdir.

Şəmkir Regional Mədəniyyət İdarəsi Gədəbəy rayon Çalburun kəndində “Yaşayan əfsanələr” adında tədbir keçirilib. Tədbirdə ilk olaraq şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Sonra Çalburun kənd Folklor evində şəhidlərə həsr edilmiş “Yaşayan əfsanələr” adlı sənədli film nümayiş etdirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin 3-cü sinif şagirdi Aysu Məmmədova Adilə Əliyeva adına 16-cı beynəlxalq musiqi müsabiqəsində fortepiano üzrə 3-cü yerə layiq görülüb.

Lənkəran Regional Mədəniyyət İdarəsi Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi “Xalqını duyan və sevən aşıq” adlı musiqili ədəbi-bədii kompozisiyanı şəhər ictimaiyyətinə təqdim edib. Kompozisiyanın hazırlanmasında şəhər mədəniyyət klublarının fəalları və dərnəklərin üzvləri iştirak edib.

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Mədəniyyət Mərkəzində Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib. Zaqatala rayon Heydər Əliyev Mərkəzində də əlamətdar günlə bağlı tədbir təşkil dilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi və könüllülərin iştirakı ilə keçirilən tədbirdə kinorejissor Rasim Ocaqovun “Ölsəm, bağışla” filmi (1989) nümayiş etdirilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Kinosu Günü münasibətilə “Dəmir yumruq” sənədli filmi nümayiş olunub. Tədbirdə çıxış edənlər əlamətdar günün tarixi haqqında məlumat veriblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Dövlət Rəsm Qalereyasının kollektivi Vətən müharibəsi şəhidi Mahmud Əhmədovun xatirə muzeyini və bulaq kompleksini ziyarət edib. Xatirə muzeyində şəhidin şəxsi əşyalarına, fotostendlərə baxış keçirilib.

NURƏDDİN