Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təşkilatçılığı ilə “Eşitmə əngəlli insanların bədii yaradıcılığa cəlb edilməsi” mövzusunda dəyirmi masa keçirilib.

UNESCO-nun “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” çərçivəsində həyata keçirilən tədbirdə eşitmə məhdudiyyətli uşaq, yeniyetmə və gənclərin iştirakı ilə Musiqili Teatrda yaradılmış “İnklüziv teatr” studiyasının üzvləri, bu sahə üzrə mütəxəssislər iştirak ediblər. 

Tədbirin moderatoru – Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonaqlara “İnklüziv teatr” layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə indiyə qədər əlillərlə bağlı həyata keçirilən bir çox tədbirlərin iştirakçısı olsalar da, eşitmə əngəlli insanlarla “İnklüziv teatr” layihəsi ilk dəfə həyata keçirilir. Direktor “İnklüziv teatr”ın yarandığı qısa zamanda müsbət nəticələr əldə etdildiyini qonaqların diqqətinə çatdırmaq məqsədilə onları studiyanın aktyorlarının məşq prosesini izləməyə dəvət edib.

 İllüziya nömrələri və “Yaranış” adlı pantomima səhnəsini təqdim edən gənclərin ifaları görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. 

Layihənin prodüseri, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin aparıcı elmi işçisi Rəcəb Məmmədov çıxış edərək layihənin məqsədi, qarşıya çıxan çətinliklər və gələcək planlar barədə məlumat verib.

Daha sonra tədbirə dəvət olunmuş mütəxəssislər – Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin məsləhətçisi, Respublika Psixoloji-Tibbi- Pedaqoji Komissiyasının sədri Anar Xələfov, Təhsil Problemləri İnstitutunun psixologiya və xüsusi təhsil şöbəsinin aparıcı elmi işçisi Dilarə Dostuzadə, N.Tusi adına ADPU-nun Xüsusi təhsil kafedrasının dosenti Tamilla Ağayeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri, dosent Vidadi Qafarov, Əlil Təşkilatları İttifaqının prezidenti, əlillik hüquqları və müyəssərlik üzrə beynəlxalq ekspert Davud Rəhimli,  2  və 3 saylı Respublika  xüsusi  internat  məktəbinin müəllimləri Aynurə Həsənova və Günel Kərimova layihə barədə maraqlı təkliflər irəli sürüblər.

“İnklüziv teatr”ın aktyorlarının ailə üzvləri Xədicə Murtuzayeva, Şənanə Səfərova çıxış edərək, layihənin rəhbərinə, eləcə də sənət müəllimləri – Xalq artisti, ADMİU-nun dosenti Pərviz Məmmədrzayevə, illüziya ustası, illüziya festivalları laureatı Tofiq İsgəndərliyə təşəkkürlərini bildiriblər.

Layihənin tərəfdaşı – "Səssiz Dünya" İşarət  Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova da studiyanın işində iştirak etdiyi üçün məmnunluğunu bildirib.

Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı Araz Bağırlı layihənin UNESCO-da xüsusi marağa səbəb olmasından, əhəmiyyətindən, eləcə də gələcək perspektivlərindən danışıb.

Tədbir iştirakçıları özfəaliyyət hərəkatının eşitmə əngəllilər üçün əlçatan olmasının, teatrlarda eşitmə əngəlli şəxslər üçün uyğun mühitin yaradılmasının, psixoloji baryerləri aradan qaldıraraq hər bir mədəniyyət müəssisəsinə eşitmə əngəlli tamaşaçıları cəlb etmək üçün xüsusi vasitələrdən istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Əliqismət Lalayev dəyərli fikirlərinə görə qonaqlara minnətdarlığını bildirərək onları gələcəkdə də Akademik Musiqili Teatrla sıx əlaqədə fəaliyyət göstərməyə, məsləhətlərini və köməklərini əsirgəməməyə çağırıb.