Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Mənim düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir.

“Nizami Gəncəvi İli” çərçivəsində keçirilən ənənəvi müsabiqə yay tətilində rəssamlıq istedadı olan uşaq və gənclərin təsvir sənət bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

Müsabiqə 3 yaş kateqoriyası üzrə keçirilir: 11 yaşa qədər, 11-16 yaş, 16-21 yaş.

Xətai Sənət Mərkəzindən bildirilib ki, uşaq və gənclər işləriinin fotosunu və özləri haqqında məlumat və təhsil aldığı məktəbin əlaqə nömrəsini oktyabr ayının 10-dək Xətai Sənət Mərkəzinin “Facebook” qrupunda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) yerləşdirməklə müsabiqəyə qatıla bilərlər.

Məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

Seçimdən sonra hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində təşkil olunacaq.