Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi, Göygöl rayon nümayəndəliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə “Sönməz günəşin hikmət dəryası” adlı tədbir keçirilib. Tədbirdə Nizami Gəncəvinin əsərlərindən, böyük şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgi və məktəblilərin Nizaminin yaradıcılığını əks etdirən rəsmləri nümayiş olunub.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mərkəzi Kitabxanasında tanınmış yazıçı-jurnalist Gülsüm Adilqızının Vətən müharibəsi şəhidləri haqqında yazdığı kitablarının təqdimatı və şəhid anası Ziba Əsgərli ilə görüş keçirilib.

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan məşhur amerikalı müğənni Della Miles Füzuli rayonunda və Şuşa şəhərində səfərdə olub. Səfər zamanı müğənni və onun meneceri Hüseyin Fatih Oktay Füzuli rayon Mədəniyyət Evində gənc ifaçıların kiçik konsert proqramını dinləyiblər. Rayonun istedadlı gənclərindən Sədi Məmmədzadə, Vaqif Səmədov və Yaqub Quluyevin ifasında Azərbaycan xalq mahnıları və muğam parçaları maraqla qarşılanıb. Qonaqları səfərdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, xanəndə, Əməkdar artist Qoçaq Əsgərov müşayiət ediblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyasının bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi çavuş Elməddin Nəsibovun doğum günündə məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin rəsm əsərləri və əl işlərindən ibarət sərgi təşkil edilib. S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində “Mütaliə, yoxsa virtual aləm” adlı diskussiya təşkil olunub. Balakən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Erkən nikah gələcəyə zərbədir” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər erkən nikahların qarşısını almaq, uşaq hüquqlarını qorumaq, təhsilə dəstək vermək, gələcək anaların və körpələrin sağlamlığına qayğı göstərmək kimi vacib məsələlərə toxunublar.

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Dövlət Rəsm Qalereyasında Xalq rəssamı Toğrul Nərimanbəyovun (1930–2013) anadan olmasının 91-ci ildönümü (7 avqust) ilə əlaqədar dəyirmi masa təşkil edilib. Çıxış edənlər dünya şöhrətli rəssamın həyat və yaradıcılığından söz açıblar.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-in tabeliyində olan Malbinəsi kənd kitabxana filialı oxuculara səyyar kitabxana xidməti təşkil edib.

Nurəddin MƏMMƏDLİ