TÜRKSOY-un səyyar sərgisi davam edir

 

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY tərəfindən təşkil olunan fotosərginin Türkiyənin şəhərlərində səyyar nümayişi davam edir.

Sərginin növbəti təqdimatı avqustun 8-də Niğdə şəhərində gerçəkləşib.

TÜRKSOY və Niqde Ömer Halisdemir Universitetinin təşkilatçılığı ilə keçirilən “Müstəqilliyinin 30-cu ildönümündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan” adlı fotosərgi yerli sakinlərin, sənətsevərlərin marağına səbəb olub.

Sərginin açılışında TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Niğdə valisi Yılmaz Şimşek və Ömer Halisdemir Universitetinin rektoru Muhsin Kar iştirak ediblər.

Təqdim olunan fotolarda 1991-ci ildə müstəqilliyini elan etmiş beş keçmiş sovet respublikasının  tarixi abidələri, təbiət gözəllikləri, mədəniyyəti, incəsənəti, ənənələri və memarlığı əksini tapıb.

Xatırladaq ki, 2021-ci ilin əvvəlindən etibarən Türkiyənin müxtəlif şəhərlərində nümayişi keçirilən fotosərgi avqust ayında İstanbul Maltəpə Bələdiyyəsində və Karamanda da təqdim edilib.

Mehparə SULTANOVA
Ankara