TÜRKSOY-un səyyar sərgisi davam edir
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY tərəfindən təşkil olunan fotosərginin Türkiyənin şəhərlərində səyyar nümayişi davam edir.
Sərginin növbəti təqdimatı avqustun 8-də Niğdə şəhərində gerçəkləşib.
TÜRKSOY və Niqde Ömer Halisdemir Universitetinin təşkilatçılığı ilə keçirilən “Müstəqilliyinin 30-cu ildönümündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan” adlı fotosərgi yerli sakinlərin, sənətsevərlərin marağına səbəb olub.
Sərginin açılışında TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Niğdə valisi Yılmaz Şimşek və Ömer Halisdemir Universitetinin rektoru Muhsin Kar iştirak ediblər.
Təqdim olunan fotolarda 1991-ci ildə müstəqilliyini elan etmiş beş keçmiş sovet respublikasının tarixi abidələri, təbiət gözəllikləri, mədəniyyəti, incəsənəti, ənənələri və memarlığı əksini tapıb.
Xatırladaq ki, 2021-ci ilin əvvəlindən etibarən Türkiyənin müxtəlif şəhərlərində nümayişi keçirilən fotosərgi avqust ayında İstanbul Maltəpə Bələdiyyəsində və Karamanda da təqdim edilib.
Mehparə SULTANOVA
Ankara