Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları rayon ərazisindəki məzarlıqda 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şəhid olmuş igid oğullarımızın qəbirlərini ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə tər çiçəklər qoyulub, keçdikləri döyüş yollarından söz açılıb.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada şəhidlərə və Milli Qəhrəmanlara həsr olunmuş guşələr yaradılıb, kitab sərgiləri təşkil olunub. Kitabxanada “Tarix yazan igidlərimiz” adlı layihə də həyata keçirilir. Layihə əsasında şəhidlərə həsr olunmuş videoçarxlar və informasiya məktubları hazırlanır və oxuculara təqdim edilir.

44 günlük İkinci Qarabağ müharibəsi tariximizin ən şanlı səhifələrindən biridir. Ölməz şəhidlərin xatirəsini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Kitabxana əməkdaşları qeyd ediblər ki, hər bir şəhid bizim qürur mənbəyimizdir. Şəhidlərin məzarları önündə Qarabağ və Vətən haqqında şeirlər səsləndirilib. Sonda xatirə şəkilləri çəkdirilib.