Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov ilə görüş keçirilib.   

Fondun prezidenti Günay Əfəndiyeva təşkilatın fəaliyyəti haqqında məlumat verib, Türk dünyasının qədim və zəngin mədəniyyətinin təbliği, beynəlxalq aləmdə tanıdılması məqsədilə həyata keçirilən layihə və tədbirlər haqqında söhbət açıb.

Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi yalnız Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının mədəni həyatında təqdirəlayiq addımdır. O, “Nizami Gəncəvi İli” çərçivəsində Fond tərəfindən bir sıra tədbirlərin, layihələrin keçirilməsi və dahi şairə həsr olunmuş kitabların çap olunması istiqamətində işlərin aparıldığını bildirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən görülən işləri yaxından izlədiyini deyən  Günay Əfəndiyeva 20 may 2021-ci il tarixində Mərkəz tərəfindən təşkil olunan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı konfransın əhəmiyyətini xüsusi qeyd edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov görüşə görə təşəkkür edib, Mərkəzin fəaliyyəti barədə söz açıb. Bildirib ki, Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilən Mərkəz dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə qlobal tədbirlərin keçirilməsi, o cümlədən Nizami Gəncəvinin zəngin irsinin qorunması istiqamətində müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını və nüfuzlu beynəlxalq ekspertlərini bir araya gətirən təşkilatdır.

Rövşən Muradov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların maddi-mədəni irsinin araşdırılması və qorunması istiqamətində dəyərli işlər gördüyünü vurğulayaraq, iki qurum arasında əməkdaşlığın vacibliyinə toxunub. Türk dünyasının dahi şairi Nizami Gəncəvinin zəngin yaradıcılığının tanıdılması, təbliği ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində bir sıra layihələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşün sonunda tərəflər bir-birinə kitablar hədiyyə ediblər.