Dünya Mətbuat Şuraları Assosiasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Assosiasiya sədrinin birinci müavini, Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov videoformat şəklində keçirilən toplantıda iştirak edib.

Toplantıda təşkilata üzv ölkələrdə söz və ifadə azadlığının durumu müzakirəyə çıxarılıb, xüsusilə diqqət qeyri-sabitliyin hökm sürdüyü Əfqanıstana diqqət yönəldilib. Bildirilib ki, bu ölkədə orada baş verən proseslər bölgədə jurnalist fəaliyyəti üçün də təhdidlər yaradır.

Onlayn toplantıya qatılan Əfqanıstanın Hindistandakı səfirliyin mətbuat katibi Abdul-Haqq Azad bildirib ki, son zamanlar ölkədə vəziyyət getdikcə gərginləşir, Taliban hərəkatı həyatın bütün sahələrində sərt mövqe ortaya qoyur, o cümlədən jurnalist fəaliyyətinə qarşı çıxır. Buna görə  bölgədə söz və ifadə azadlığı ilə bağlı durumun da dünyaya çatdırılması vacibdir. O, Dünya Mətbuat Şuraları Assosiasiyasının mövqeyinin əhəmiyyətindən söz açıb, quruma təşəkkürünü çatdırıb.

MŞ sədri Ə.Amaşov, eləcə də təşkilata üzv media birliklərinin təmsilçiləri Əfqanıstan hökumətinin İnformasiya Mərkəzinin rəhbəri Davaxan Minapalın qətlinə diqqət yetiriblər. Eyni zamanda Pulitser mükafatı laureatı, “Reuters” İnformasiya Agentliyinin fotomüxbiri Daniş Siddikin qətlə yetirilməsinə də münasibət bildirilib. Hər iki fakt ciddi şəkildə pislənilib, terrorçu qruplaşmaların söz azadlığına təhdidi məsələsinə münasibətdə dünya media ictimaiyyətinin ardıcıl fəaliyyətinin zəruriliyi önə çəkilib. Bununla bağlı Dünya Mətbuat Şuraları Assosiasiyasının bəyanatı qəbul edilib.

Bəyanatda Əfqanıstanda ciddi zorakılıq fonunda jurnalistlərin, xüsusən də qadın jurnalistlərin təhlükə qarşısında qaldıqları önə çəkilib, mövcud istiqamətdə həm media qurumlarının, həm də dünyanın aparıcı beynəlxalq təşkilatlarının səfərbərliyinin təmin edilməsinin önəmi vurğulanıb.