Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada nəşr olunmuş “Leyli və Məcnun” kitabı ölkənin bir sıra kitabxanalarına verilib.

 “Leyli və Məcnun” poeması şairin 880 illiyi münasibətilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə Ukraynada işıq üzü görüb. Poemanı Ukrayna dilinə görkəmli şair və mütərcim Leonid Pervomayski tərcümə edib. Nəşrin redaktoru tanınmış yazıçı, Taras Şevçenko mükafatı laureatı, əslən azərbaycanlı olan Qriqori Hüseynovdur.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, kitab Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin nəzdində Ukrayna Kitab İnstitutunun, Milli Ədəbiyyat Muzeyinin, Milli Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyasının Ukrayna Dili İnstitutunun, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun, Ukrayna Ali Radasının (parlament) və digər qurumların kitabxanalarına təqdim olunub.

Nizami Gəncəvinin poeması ümumilikdə ölkənin 20-yə yaxın kitabxanasında oxucuların istifadəsinə veriləcək.