Tatarıstan istehsalı olan tammetrajlı “Kaxeksiya” filmi Hollivudun horror (qorxu-dəhşət filmləri janrı) kinofestivalının əsas proqramında qalib gəlib. Məluat üçün deyək ki, “Hollywood blood horror festival” kiçikbüdcəli, müstəqil filmlərin festivalıdır.

Kino layihələrini dəstəkləyən “Время кино” qeyri-kommersiya təşkilatının yaydığı xəbərə görə, “Kaxeksiya”nın dünya premyerası da elə bu festival çərçivəsində baş tutub. Məlumatda deyilir ki, “Kaxeksiya” festivalın “Tammetrajlı film” kateqoriyasında birincilik qazanıb.

Filmin süjetinə görə, tarix fakültəsində oxuyan tələbələr aspirant müəllimin elmi işindən ötrü material toplanması üçün eksperimentdə iştirak edirlər. “1921-ci ildə Volqaboyunda aclıq” mövzusuna fərqli yanaşmaq üçün aspirant onlardan xahiş edir ki, sessiya zamanı qapalı məkanda sağlamlığa zərər vurmayacaq müddətdə ac qalsınlar. Zirzəmidə quraşdırılmış kameralar isə eksperimenti canlı izləməyə imkan verir. Lakin eksperimentin sonuncu günü tələbələri zirzəmidən buraxmırlar. Uzunmüddətli aclıq onlarda ciddi fizioloji və psixoloji sarsıntılar törədir. Tələbələr özlərini 1921-ci ildəki aclıq dövründəki kimi hiss etməyə başlayır, gerçəkliklə qarabasmanı qarışdırırlar.

Rejissor Alina Qalimullina çəkilişləri üç tarixi məkanda aparıb. Filmdə əvvəllər dərc olunmamış arxiv materiallarının, həmçinin sənədli filmlərin və aclıq çəkmiş insanların ailə üzvlərinin söhbətlərinin köməyilə o dövrdəki Tatarıstan kəndli ailəsinin məişəti dəqiq detallarla canlandırılıb. Bundan başqa, film qəhrəmanları üçün yüz tarixi libas tikilib.

GÜLCAHAN