Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Abayın 175 illiyinə həsr olunan poçt markalarının təqdimatı

 

Qazax mədəniyyəti və musiqisindən söz düşəndə, ilk növbədə, böyük şair, mütəfəkkir və bəstəkar Abay Kunanbayev yada düşür. O, təkcə qazax xalqının deyil, bütövlükdə Türk dünyasının tarixində parlaq iz buraxıb.

Təsadüfi deyil ki, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev onu “Yol göstərən ulduz” kimi xarakterizə edib. Ulu öndər Heydər Əliyev Abayın 150 illik yubileyində onun yaradıcılığını qazax xalqının fəxri, xoşbəxtliyi adlandıraraq, onun eyni zamanda, bütün bəşəriyyətə məxsus olduğunu qeyd edib. Azərbaycanda da Abay Kunanbayevin xatirəsi həmişə əziz tutulur. 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Bakının küçələrindən birinə Abay Kunanbayevin adı verilib. Həmin ildə Bakı Dövlət Universitetində Abay Mərkəzi fəaliyyətə başlayıb. Abayın zəngin yaradıcılığının öyrənilməsi, təbliği Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün də xüsusi əhəmiyyət kəsb edir. Fond bu qəbildən layihələr çərçivəsində Abay Kunanbayevə həsr olunmuş yeni kitab hazırlayır.

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva avqustun 10-da Qazaxıstanın və Türk dünyasının böyük şairi, yazıçı, bəstəkar, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin (1845–1904) 175 illik yubileyi münasibətilə buraxılan poçt markalarının təqdimat mərasimində deyib.

Fondda keçirilən mərasimdə G.Əfəndiyeva diqqətə çatdırıb ki, keçən il Abay Kunanbayevin 175 və Azərbaycan xalqının böyük bəstəkarı Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə poçt markaları İspaniyada çap edilərək dövriyyəyə buraxılıb.

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov görkəmli mütəfəkkir və ictimai xadimin yaradıcılığından, Türk dünyasında Abaya göstərilən ehtiramdan, ayrı-ayrı ölkələrdə onun xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən söz açıb. Səfir yubiley münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən poçt markasının böyük şair və bəstəkarın xatirəsinə ehtiramın daha bir ifadəsi olduğunu bildirib.

Sonra poçt markaların möhürlənməsi mərasimi keçirilib. Zərfin üzərində yer alan markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov tərəfindən imzalanıb və möhürlənib. Poçt markalarının üzərində Abay Kunanbayevin təsviri ilə yanaşı, onun yaradıcılıq nümunələri, həmçinin Türk dünyasının mədəni dəyərləri və milli musiqi alətləri əks olunub.

Tədbirdə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov, Qazax Milli İncəsənət Akademiyasının artisti Akberen Atabay, Azərbaycan Dövlət Akademik Filarmoniyasının artistləri Nəzrin Aslanlı və Yuliya Matorina, gənc ifaçı Amina Nurmuxammedova milli musiqi alətlərinin müşayiəti ilə Abay Kunanbayevin şeir və mahnılarını səsləndiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib və hədiyyələr təqdim olunub.