Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində 2020-ci ilin Vətən müharibəsində qəhrəmancasına şəhid olan Fərid Ərəstun oğlu Əsgərovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Mərkəzdə avqustun 10-da təşkil olunan tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Vətən torpaqlarının azadlığa qovuşmasında şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq və rəşadətindən bəhs edilib.

Diqqətə çatdırılıb ki, şəhid Fərid Əsgərova məxsus isimliklər, əskinaslar və kiçik qeyd vərəqi bərpa məqsədilə 2021-ci ilin iyun ayında mərkəzə daxil olub. Şəhidə məxsus əşyalar tez bir zamanda bərpa olunaraq ailəsinə təhvil verilib. 

Fərid Ərəstun oğlu Əsgərov 21 may 1996-cı ildə Nefçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olub. 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbinin 1-ci sinfinə gedib. Atasının işi ilə əlaqədar olaraq 2007-ci ildən sonra təhsilini  Lənkəran şəhər 6 saylı məktəb-liseydə davam etdirib. Orta təhsilini başa vurduqdan sonra 2013-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. İngilis dili ixtisası üzrə təhsil alıb, 2017-ci ildə universitetdən məzun olub. 2017-2018-ci illərdə Beyləqan rayonunda həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıda mühafizə xidmətində çalışıb.

Fərid Əsgərov 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.