Mariinski Teatrının simfonik orkestrini dirijor Əyyub Quliyev idarə edib

 

Mariinski Teatrının Primorsk filialının (Vladivostok şəhəri) balet truppası Sankt-Peterburqda növbəti qastrol səfərində olub. Tanınmış azərbaycanlı xoreoqraf, Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevin bədii rəhbəri olduğu truppanın çıxışı sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Avqustun 3-dən 15-dək davam edən qastrol proqramına dünya klassik balet repertuarının parlaq nümunələri – Adolf Adanın “Korsar”ı (6-8 avqust) və “Jizel”i (13-15 avqust), P.Çaykovskinin “Yatmış gözəl”i (10-12 avqust) və Fikrət Əmirovun “Min bir gecə” baleti (3-5 avqust) daxil edilib. Bu tamaşaların nümayişi ilə Mariinski Teatrının 238-ci mövsümü başa çatıb.

Truppanın qastrol çıxışları Eldar Əliyevin quruluşunda dünya şöhrətli Azərbaycan bəstəkarının baleti ilə açılıb. Üç gün nümayiş olunan tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xorunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, Əyyub Quliyevin dirijorluğu ilə “Min bir gecə” baleti 2020-ci ilin avqust ayında Vladivostokda – Mariinski Teatrının Primorsk səhnəsində, 2021-ci ilin yanvarında Sankt-Peterburqda, may ayında isə Kazanda Rudolf Nureyev adına Beynəlxalq Balet Festivalının açılışında uğurla təqdim olunub. Əsas partiyaları Primorski səhnəsinin solistləri İrina Sapojnikova, Anna Samostrelova, Sergey Umanets, Kanat Nadırbek, Liliya Berejnova, Katerina Floriya, Gilerme Junio və Yuriy Zinnurov ifa ediblər. Tamaşalarda Mariinski Teatrının balet artistləri Renata Şakirova (Şəhrizad), Yekaterina Çebıkina (Nuridə) və Nikita Korneyev (Şəhriyar) də yer alıb. Vokal bölümünü Anastasiya Kikot (soprano) oxuyub, milli alətimiz tarda isə Ramin Əzimov və Nadejda Medvedyeva ifa ediblər.

“Min  bir gecə”nin yenidən, Mariinski Teatrının 238-ci mövsümünün sonunda Sankt-Peterburq səhnəsində nümayişi böyük marağa səbəb olub, bütün tamaşalara biletlər öncədən satılıb. İlk tamaşadan sonra Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ifaçıları uğurlu çıxış münasibətilə təbrik edərək Fikrət Əmirovun baletinin yeni quruluşunun tarixi əhəmiyyətini qeyd edib. Möhtəşəm səhnə əsərində Rusiya və Azərbaycanın sənətçilərinin bərabər yaradıcılıq işinin iki ölkə arasında mədəni münasibətlərin inkişafına töhfə olduğu vurğulanıb.