Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Alpan kənd kitabxana filialı tərəfindən açıq havada “nağıl saatı” təşkil olunub. MKS-nin Mərkəzi və Hacıhüseynli kənd kitabxanalarının əməkdaşları isə açıq havada səyyar kitabxana xidməti təşkil ediblər.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində rayonun bir qrup gənci üçün yay ekskursiyası təşkil edilib. Mərkəzin bələdçisi Şəfa Xəlilova gəncləri ekspozisiya ilə tanış edib.

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabe müəssisəsi – Göyçay şəhərindəki rayon Heydər Əliyev parkında gənc həvəskar rəssam İlahə Bəkirovanın rəsm sərgisi keçirilib. Göyçay rayon Heydər Əliyev Mərkəzində isə “Sağlam gəncliyimiz” layihəsi çərçivəsində görüş baş tutub. Görüşdə insan sağlamlığına ciddi ziyan vuran zərərli vərdişlərdən qurtulmaq metodları, dövrün ağır bəlası olan narkomaniya və onunla mübarizə yolları, o cümlədən sağlam həyat tərzi üçün zəruri addımlar diqqətə çatdırılıb.

Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran rayonu Tatova kənd, Haftonu qəsəbə Sənətkarlıq klubları və Astara rayonunun sənətkarları Bilgəh istirahət mərkəzində təşkil edilən “Etnobazar” sərgisində iştirak ediblər. Sərgi zamanı cənub bölgəsinə xas olan həsir, zənbil, toxunma papaq, eləcə də bambukdan əl işləri nümayiş olunub.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Beyləqan rayon Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının üzvləri ilə görüş keçirib. Görüşdə xalq teatrının üzvlərinin təklifləri müzakirə olunub. İdarənin rəisi kollektivin gələcək fəaliyyətinin daha da səmərəli təşkili istiqamətində tapşırıqlar verib. Regional idarənin Xocavənd rayon Mərkəzi Kitabxanası isə açıq havada kitab sərgisi keçirib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzi və Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı “Qələbə əzmli gənclik” mövzusunda dəyirmi masa və gənclərin əl işlərindən ibarət sərgi təşkil edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxanası tanınmış  yazıçı, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın (1921–2014) 100 illiyinə həsr olunmuş “Məğrur Azərbaycanın məğrur, sevimli yazıçısı” adlı tədbir keçirib.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-nin Səmədabad kənd kitabxana filialı oxuculara səyyar kitabxana xidməti təşkil edib.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi Xalq şairi Qabilin (1926–2007) anadan olmasının 95 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon M.Ə.Sabirin Ev-Muzeyində “İnsanı insanlara sevdirən nasir – Ələviyyə Babayeva” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbir yazıçının anadan olmasının 100 illiyinə həsr edilib.

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialının və kənd Sənətkarlıq klubunun birgə təşkilatçılığı ilə “Ən qorxulu xəstəliklərin mənbəyi – narkomaniya” mövzusunda informasiya saatı keçirilib. Regional idarənin Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxana filialı isə kənddəki körpələr evində “Sevimli nağıllarımız” başlıqlı nağıl saatı təşkil edib.

Nurəddin MƏMMƏDLİ