Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası unudulmaz xanəndə, Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinskinin (1901–1979) 120 illiyi ilə əlaqədar tədbir təşkil edib.

Tədbiri Yasamal rayon MKS-in direktoru Lətifə Məmmədova açaraq, Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri olan Xan Şuşinskinin ömür yolu və yaradıcılıq fəaliyyətindən bəhs edib.

Kitabxananın böyük metodisti İradə Hüseynova Xan Şuşinskinin yaradıcılıq məziyyətləri, muğam sənətinə gətirdiyi yeniliklər barədə söz açıb, Səməd Vurğunun “Havalansın Xanın səsi…” misralı “Azərbaycan” şeirini səsləndirib.

Yazıçı-publisist Şahlar Şuşalı, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin rəhbəri Tofiq Əlizadə, tanınmış kitabxanaçı Tahir Sadıqov, 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova və MKS-nin əməkdaşları, eləcə də tədbirə videoformatla qoşulan Xızı rayon MKS-in direktoru Ayşən Əliyeva, Ağcabədi rayon MKS-in direktoru Məhəbbət Əliyeva, Ucar rayon MKS-in direktoru Bəsirə Abbasova, Binəqədi rayon MKS-in şöbə müdiri Şəfiqə Ağayeva görkəmli xanəndənin yaradıcılığından danışıblar.

Xanəndənin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva çıxış edərək atası haqqında xatirələrini bölüşüb, maraqlı epizodları xatırladıb.

Tədbirdə 239 nömrəli tam orta məktəbin şagirdi Kərim Cəlilov “Qarabağ şikəstəsi” muğamını, “Qarabağ Azərbaycandır” mahnısını, Məhəmməd Məmmədov isə “Segah” muğamını səsləndiriblər.