Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə bütün türk dünyasının çox böyük növbəti uğurudur və tarixdə qalacaq.

Bu sözləri avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə görkəmli qazax şairi və ictimai xadimi Oljas Süleymenov deyib.

Prezident İlham Əliyev Oljas Süleymenovu ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirib və qeyd etdi ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi sevirlər.

Dövlətimizin başçısı vurğulayıb ki, Oljas Süleymenov Ermənistanla Azərbaycan arasında münaqişənin həlli işində ölkəmizin haqlı mövqeyini həmişə dəstəkləyib. Prezident İlham Əliyev görkəmli şairin ən çətin zamanlarda da öz köklərinə, xalqına sadiq olduğunu və Qazaxıstanın uğurlu inkişafı üçün əlindən gələni əsirgəmədiyini deyib.

Ulu öndər Heydər Əliyevlə Oljas Süleymenovun dostluq münasibətlərini və görüşlərini xatırladan dövlətimizin başçısı bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini bildirib. Azərbaycan Prezidenti Oljas Süleymenovun türk dünyası ölkələrinin birliyi, türkdilli ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi işində səylərini də xüsusi qeyd edib.

Dövlətimizin başçısı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırladıb, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif edildiyini bildirib və ordeni görkəmli qazax şairinə təqdim edib.

Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilməsinə görə qürur duyduğunu deyən Oljas Süleymenov dövlətimizin başçısına minnətdarlığını bildirib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını məmnunluqla vurğulayıb və həmin günlərdə mənəvi cəhətdən Azərbaycan xalqının yanında olduğunu qeyd edib.

Oljas Süleymenov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini də məmnunluqla vurğulayıb.

Görüşün sonunda Azərbaycan Prezidenti Oljas Süleymenova “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib.