Əlamətdar yubileylə bağlı TÜRKSOY-un tədbirləri davam edir

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY keçmiş Sovet İttifaqının beş türkdilli respublikasının – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyənin şəhərlərində müxtəlif tədbirlər, səyyar sərgilər təşkil edir.

Avqustun 11-də layihə üzrə Nevşehirdə Hibe Dədə xatirə abidəsi və “Xivə – 2020: Türk dünyasının mədəniyyət paytaxtı” adlı fotosərgi açılıb. Abidə və sərginin açılışı TÜRKSOY ilə Nevşehir Ortahisar Bələdiyyəsinin əməkdaşlığı çərçivəsində gerçəkləşib.

Ortahisar Bələdiyyəsinin təşəbbüsü, TÜRKSOY-un və Özbəkistanın Türkiyədəki Səfirliyinin birgə dəstəyi ilə reallaşan Hibe Dədə abidəsinın açılışına Nevşehir valisi İnci Sezer Becel, Ortahisar Bələdiyyəsinin başqanı Mustafa Ateş, Özbəkistanın Türkiyədəki Səfirliyinin müşaviri Avazbek Xocimetov, Kapadokya Universitetinin rektoru Həsən Əli Karasar, Qazaxıstanın TÜRKSOY-dakı nümayəndəsi Bakıtjan Ömərov, TÜRKSOY-un inzibati, maliyyə və hüquq işləri üzrə müdiri Sancar Mülazımoğlu qatılıb.

Abidənin açılışından sonra tədbir iştirakçıları 1990-cı ildə Orta Asiyadan UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş ilk şəhər, 2020-ci ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət  paytaxtı” elan edilən Xivəyə həsr olunmuş fotosərgiyə baxıblar.

Tədbir çərçivəsində Türkiyədə son dövrdə yaşanan meşə yanğınları da unudulmayıb. Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü çərçivəsində tədbirlərə qatılmaq üçün Türkiyəyə gələn Türk dünyası sənətçiləri və TÜRKSOY nümayəndə heyəti Ortahisar xatirə meşəsində simvolik olaraq bir ağac əkiblər. Bundan başqa, TÜRKSOY Türkiyə Eroziya, Yaşıllaşdırma və Təbii Abidələrin Mühafizəsi (TEMA) Fonduna 700 ədəd ağac əkmək üçün yardım edib.

Nümayəndə heyətini Ortahisar Bələdiyyəsinin başqanı Mustafa Ateş də qəbul edib. Görüş zamanı qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Mehparə SULTANOVA
Ankara