Biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsində deyib.

Bu günə qədər Ermənistandan müsbət cavab alınmadığını vurğulayan dövlətimizin başçısı bildirib: “Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir”.

Yolların açılmasının, Zəngəzur dəhlizinin yaradılmasının, bütün ticarət əlaqələrinin bərpasının, yəni, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsinin bizim maraqlarımıza cavab verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, bu, Ermənistanın da maraqlarına cavab verir: “Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”.

Jurnalistin hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdəki erməni əhalisi ilə bağlı sualına cavabında Prezident İlham Əliyev bildirib ki, Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir.

Bakıdakı erməni kilsəsinin təmir olunduğunu vurğulayan dövlətimizin başçısı deyib: “O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə bir etdilər. Ona görə bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq”.

 

“Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin”

 

Prezident türkiyəli jurnalistin Rusiya sülhməramlıları ilə bağlı sualını da cavablandırıb. “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir” – deyə İlham Əliyev bildirib.

 

“Görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmayıb”

 

Dövlətimizin başçısı qeyd edib ki, müharibə başa çatıb, yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir.

Ermənistanın yeni müdafiə nazirinin çox məsuliyyətsiz açıqlamalar verdiyini bildirən Prezident deyib: “Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”.

Laçın dəhlizi ilə bağlı bəzi iddialara münasibət bildirən İlham Əliyev vurğulayıb ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz: “Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik”.

Dövlətimizin başçısı deyib: “Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində – iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.