Xaçmaz Regional Mədəniyyət İdarəsi Şabran rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında Heydər Əliyev mərkəzlərinin rolundan bəhs edib. Mərkəzin könüllülərinin və Şabran rayon MKS-nin Uşaq şöbəsinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında Nizami Gəncəvinin əsərlərinin qiraəti üsrə müsabiqənin birinci seçim mərhələsi təşkil olunub.

Zərdab rayon MKS-nin 3 saylı Körpükənd kənd kitabxana filialının təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə bağlı “açıq kitabxana" təşkil edilib. Kitabxana filialının müdiri Nailə Məhəmmədova “Nizami Gəncəvi İli” çərçivəsində kitabxana tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Göyçay rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə il ərzində müxtəlif tədbirlərdə fəal iştirak edən rayon gəncləri mükafatlandırılıb.

Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Heydər Əliyev Mərkəzində saz-söz ustadı Aşıq Ələsgərin 200 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə mərkəzin əməkdaşları və gənc könüllülər iştirak ediblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Sağlam gələcək üçün erkən nikaha yox deyək” adlı tədbir keçirilib. Çıxış edənlər erkən nikahın fəsadları haqqında məlumat veriblər.

Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının və gənc könüllülər "Azərxalça" ASC-nin Ağdam filialına ekskursiyası təşkil edilib. Ekskursiya iştirakçıları yeni toxunan xalçalarla tanış olublar.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS tərəfindən yerli yazar Telman Qəhrəmanlının “Qrad Maksud” adlı kitabının təqdimatını keçirib. Tədbir çərçivəsində ağstafalı yazıçı və şairlərin kitablarından ibarət sərgi təşkil olunub.

Qazax Dövlət Rəsm Qalereyasında Beynəlxalq Gənclər Günü ilə bağlı "Gənclər sabahımızdır" başlığı altında sərgi keçirilib. Rayon Mədəniyyət Mərkəzində isə "Gənclər ümid, inkişaf və gələcək deməkdir" adlı dəyirmi masa təşkil edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı “Gələcəyimiz gənclərimizin əlindədir” adlı bir qrup gənclərlə görüş keçirib.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Bayram İsayev adına şəhər 2 saylı körpələr evində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında “nağıl saatı” keçirilib.

Qax rayonunun İbaxlı kənd kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqə iştirakçıları Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin, Şuşa məscidinin, Xudafərin körpüsünün, Azərbaycan və Türkiyə bayraqlarının və Qarabağda döyüş səhnələrinin rəsmlərini çəkiblər. Münsiflərin qərarına görə, Samir Şərifov 1-ci, Uğur Mustafayev 2-ci, Günəş Muradlı 3-cü yerlərə layiq görülüb.

Nurəddin MƏMMƏDLİ