Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar. 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı keçirilib.

Səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib.

Prezident İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə də tanış olub. Kəlbəcərə səfəri zamanı dövlətimizin başçısı “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın avtomobil yolunun Minkənd hissəsinin çəkilməsi işlərinə baxıb.