Avqustun 13-də 27-ci Sarayevo Film Festivalı (Bosniya və Herseqovina) başlanıb.  Azərbaycanlı rejissor Teymur Hacıyev festivalın münsiflər heyətində yer alıb. O, “Qısametrajlı Avropa filmləri” kateqoriyasında ekran əsərlərini qiymətləndirəcək. Bu kateqoriyada münsiflər heyətinə tanınmış rumın operatoru və ssenaristi Taina Qalis və xorvat rejissor Tin Zanic də daxildir. “Qısametrajlı Avropa filmləri” kateqoriyasında 9 ölkədən 13 film yarışır.

1995-ci ildə əsası qoyulan Sarayevo Film Festivalı Cənub-Şərqi Avropanın nüfuzlu kino forumu hesab edilir. Festival avqustun 20-dək davam edəcək.

Qeyd edək ki, Teymur Hacıyev “Yara” (2013), “Şanxay, Bakı” (2015), “Duz, istiot – zövqə görə” (2018) və s. ekran əsərlərinin müəllifidir. Ötən il Kann Festivalının “Tənqid həftəsi”nin qısametrajlı filmləri arasında rejissorun “Axşama doğru” ekran əsəri də yer alıb. T.Hacıyevin prodüseri olduğu “Ayrılıqda” (“Torn”) filmi 2014-cü ildə Kann Festivalının “Rejissor ikihəftəliyi” proqramına daxil edilmişdi.

LALƏ