Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı sabiq səfiri Erkan Özoralın vəzifəsini müvəffəqiyyətlə başa vurması münasibətilə İstanbulda mərasim təşkil edilib.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən keçirilən tədbirdə vəqfin sədri, professor Akkan Suver, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım və digər qonaqlar iştirak ediblər.

Tədbirdə E.Özoralın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Türkiyə-Azərbaycan qardaşlığı prinsipini rəhbər tutaraq iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində xidmətləri yüksək qiymətləndirilib. Onun diplomatik xidməti dövründə istər işlədiyi ölkələrdə əldə etdiyi uğurlar, istərsə də sözügedən vəqflə münasibətdə göstərdiyi həssaslıq xüsusi qeyd edilib.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən Erkan Özorala təşəkkür plaketi təqdim olunub.

Qeyd edək ki, Erkan Özoral 2016-cı ildən 2021-ci ilədək Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Diplomat Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. O, Azərbaycanda vəzifəsinin icrasını başa vurduqdan sonra Türkiyə Prezident Administrasiyasının protokol müdiri təyin olunub.