Yazıçı-jurnalist, AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının qələmə aldığı “Yosun ətri” romanı Avrasiya Yazarlar Birliyi (AYB) tərəfindən Ankarada nəşr olunub. “BENGÜ” yayın evi tərəfindən oxuculara təqdim olunan kitabı Türkiyə türkcəsinə yazıçı-publisist Mətin Yıldırım çevirib.

“Yosun ətri” son dərəcə maraqlı və cəlbedici məzmunu, hadisələrin əhatə dairəsi, məlumat bolluğu, axıcı dili, ahəngdar təsvirləri, həyat gerçəklərinin inikası, əxlaqi dəyərlərin tərənnümü və s. keyfiyyətləri ilə diqqət çəkir.

Romanın əsas qəhrəmanlarından olan Biruni Bakıda təhsil alıb, Azərbaycan barədə xoş xatirələri var, əsər boyu Azərbaycan tarixinə və mədəniyyətinə dair çalarlar ana süjetdə qorunur.

“Yosun ətri” romanı Əfqanıstanda xüsusi maraqları olan böyük güclərin qurduğu siyasi oyunların əzablarını yaşayan əfqan xalqının məşəqqətlərini əks etdirən eşq hekayəsidir.

Sovet ideologiyasının təsiri altında əvvəlcə Moskvada təhsil alan əfqan gənc sovet qoşunlarının ölkədən çıxarılması səbəbindən təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalır... Vaxtilə sovet qoşunları sırasında əfqan xalqına qarşı döyüşlərdə iştirak etmiş Qarabağ müharibəsi qazisi ilə dostluq, onun düşüncələrinin istiqamətini dəyişir...

Əfqan mədəniyyəti, yerli ənənələr, milli mübarizlik, hazırda hər gün eşitdiyimiz – “dəniz soyqırımı” adı alan su hövzələrində qaçqınların boğulması barədə faciə dolu xəbərlər Rəsul Biruni ailəsinin acı taleyi olaraq qələmə alınıb.

Azərbaycanda hidrologiya mühəndisi üzrə təhsili alan əfqan gənc İstanbulda sevmədiyi əmisi nəvəsi ilə toy edərkən onun əsl sevgisi Sara adlı qulluqçu qız “Apardı sellər Saranı” mahnısının musiqi sədasında özünü dənizə atır. Ailənin ağır məşəqqətlərinin ikinci hissəsi də məhz burdan başlanır.

...Uzun fasilədən sonra ailədə doğulan qız övladına Sara adı verilir. Biruni hər zaman ölkəsini yaşıllıqlarla zəngin, böyük su hövzələri olan vətənə çevirmək arzusunda olub. Onu Liviyaya aparan da bu ölkənin hidroloji layihələrində iştirak etmək və sirləri mənimsəməkdir. Ailəsi ilə birlikdə Liviyaya gedir və azğın “ərəb baharı” çevrilişi ailəni orada da yaxalayır. Qaçaq yolla geri dönərkən ailənin xanımı dənizdə boğulur, balaca Sara isə itkin düşür.

...Rəsul Biruninin qalan ömrü qızını axtarmaqla keçirir. Xidmətçi olduğu bir ailədə Dəniz adlı gəlin və körpə Səma onu öz doğmaları kimi sevirlər. Gerçəkdə isə Dəniz mavi sularda hərəkətsiz tapılan Sara, Səma isə onun nəvəsidir...

Mehparə SULTANOVA
Ankara