Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar

 

Ermənistanın məqsədi status-kvonu əbədi etmək, bir qarış torpağı qaytarmamaq, məsələni uzatmaq idi. Hesab edirdilər ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Hesab edirdilər ki, bizi kimsə dayandıracaq. Onların himayədarları bizə, necə deyərlər, təsir göstərəcəklər, təzyiq göstərəcəklər. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri avqustun 16-da Kəlbəcərə səfəri zamanı deyib.

Xəbər verildiyi kimi, avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Bu, Vətən müharibəsindən sonra dövlət başçısının Kəlbəcər rayonuna ilk səfəridir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yolüstü Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr ediblər. “Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik və bu gözəl mənzərələr də göz oxşayır. Kəlbəcərin mənzərələri indi daha da gözəldir... Müharibədən sonra Kəlbəcərə ilk səfərimdir. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” – deyə dövlət başçısı bildirib.

Yol boyu işğalçıların törətdiyi dağıntıların izləri görünür. Prezident deyib: “Ermənilər Kəlbəcəri tərk edərkən buraları dağıdıblar. Bütün binaları, su elektrik stansiyalarını, hamısını dağıdıblar. Bu dağıntılar erməni vəhşiliyinin növbəti təzahürüdür”.

Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlinin qoyulması mərasimində iştirak ediblər. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən, avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometr uzunluğunda tunel çəkiləcək.

Prezident İlham Əliyev deyib: “Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur... İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər – Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri.

Biz indi bu yoldan istifadə edirik. Ermənilər üçüncü yolu da çəkmək istəyirdilər – Cəbrayıla gedən yol. Bu haqda müharibə zamanı dəfələrlə öz fikirlərimi bildirmişdim və beləliklə, Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaqdı və bu da hərbi cinayət sayılır. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə edirdi. Onlar, hətta bu yolda da olublar, onu da görüblər və Cəbrayıl rayonunda nəzərdə tutulmuş yolun inşasına da etiraz bildirməmişdilər. O vaxt bu yol çəkiləndə biz etirazımızı bildirmişdik. Biz səsimizi qaldırmışdıq, biz demişdik ki, buna yol vermək olmaz, Azərbaycan ərazisində qanunsuz işlər aparıla bilməz. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq”.

Sonra Prezident İlham Əliyev Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olub. Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur. Stansiyanın maşın zalı və 110/6 kilovoltluq yarımstansiyasında isə işlər tamamlanıb. “Lev çayı bizim gözəl çaylarımızdan biridir. Uzunluğu o qədər də böyük deyil – təxminən 20 kilometrə yaxındır. Ancaq mənbəyi Azərbaycandadır və bu gündən elektrik enerjisi istehsalına xidmət edəcək”, – deyə İlham Əliyev bildirib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak ediblər.

Lev çayının sahilində çay süfrəsi arxasında söhbət edən dövlət başçısı deyib: “Kəlbəcər rayon yarımstansiyasının açılışını etdik. Çox əlamətdar hadisədir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və deyə bilərəm ki, cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi. Özü də çox çətin bir hava şəraitində, çətin relyefdən, dağlardan keçərək, bu önəmli infrastruktur obyektini istifadəyə verdik. Yeni dirəkləri də görürsünüz. Dirəklərin ən hündür olan yeri 3400 metrdir. Doğrudan da, böyük peşəkarlıq və məharət tələb edən layihədir və onu göstərir ki, bizim daxili resurslarımız o qədər güclüdür ki, biz qısa müddət ərzində bu işləri görə bilərik. Beləliklə, bu yarımstansiya Kəlbəcər rayonunu elektrik enerjisi ilə təchiz edəcək... Biz artıq Güləbird Su Elektrik Stansiyasını işə saldıq, orada 8 meqavatdır, o, Laçın rayonundadır. Suqovuşan Su Elektrik Stansiyası da təmir olundu, yenidən quruldu, orada da 7,8 meqavatdır. Yəni, görün, biz artıq 20 meqavatdan çox elektrik enerjisini alternativ mənbələrdən hasil etməyə başlayırıq və bu hələ başlanğıcdır. Ermənilər bu bölgələri tərk edərkən bütün su elektrik stansiyalarını məhv etdilər, dağıtdılar. Biz onları bərpa edəcəyik. Güləbird, indi isə Lev çayı üzərində və digər su elektrik stansiyaları və onların sayını tədricən təxminən 20-yə çatdıracağıq, bəlkə də 30-a çatdıracağıq, amma tədricən. Beləliklə, bizim enerji potensialımız da güclənəcək... Bu, onu bir daha göstərir ki, nə qədər ermənilər çalışsalar da bizim xalqımızın iradəsini qıra bilmədilər. Biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq”.

Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Prezident Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğunda tunelin təməlini qoyub.

“Bu gün ikinci tunelin təməli qoyuldu. Kəlbəcər-Laçın avtomobil yolunda tunel tikiləcək və beləliklə, ikinci tunelin bir müddətdən sonra istifadəyə verilməsi gediş-gəlişi daha da rahat edəcək. Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar”, – deyə dövlət başçısı qeyd edib.

Daha sonra Laçın rayonuna yola düşən İlham Əliyev və birinci xanım Kəlbəcər-Laçın yolu üzərində sovet dövründə çəkilmiş tuneldən keçiblər. Prezident deyib: “Bu da sovet vaxtında inşa edilmiş məşhur tuneldir. Burada göstərilir – inşası 1958-ci ildə başlamışdır, uzunluğu cəmi 200 metrdir. Bizim inşa edəcəyimiz tunellər isə 11 kilometr, 5 kilometrdir. Bax, bu gün Azərbaycan buna qadirdir. Bu isə köhnədən qalan Kəlbəcərlə Laçını birləşdirən yeganə yoldur. Artıq tunel işıqlandırılıb. Ermənilər Kəlbəcər və Laçını tərk edərkən bu tuneli partlatmaq istədilər. Görün, bu adamlar nə qədər məkrli hisslərlə yaşamışlar. Baxın bu hissəyə, buranı partlatmaq istədilər, amma alınmadı. Qaça-qaç idi, tələsirdilər”.

 

Laçında hava limanı: buna imkanlarımız da, güclü iradəmiz də var

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar.

Prezident İlham Əliyev deyib:

– Bu gün azad edilmiş torpaqlarda böyük infrastruktur obyektinin təməli qoyulur. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq.

Zəngilanda da işlərə start verildi, mən şəxsən hava limanının təməlini qoydum. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq. Kəlbəcər və Laçın rayonlarında, – mən müharibə başa çatandan sonra elan etmişdim, – yer axtarılacaq və beynəlxalq hava limanları tikiləcək. Yerin axtarışı, əlbəttə ki, çox vaxt apardı. Çünki Kəlbəcər və Laçın rayonlarının relyefi elədir ki, burada düzən yer tapmaq mümkün deyil. Baxmayaraq ki, hər iki rayonun çox geniş ərazisi var, - dağlar, meşələr, dərələr, təpələr, – düz yol, düz yer demək olar ki, yoxdur. Yeganə bu yer seçildi ki, burada yenə də böyük torpaq işləri aparmaqla hava limanının tikilməsi mümkündür. Hava limanının zolağı bax, arxamdakı yerdə olacaq, indi bunu təsəvvür etmək belə çətindir. Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura – Laçın rayonunun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq. Dediyim kimi, burada böyük torpaq işləri aparılacaq. Bəzi boşluqlar doldurulacaq. Yəni, torpaq işləri vaxtımızı aparan əsas işlər olacaqdır.

O ki qaldı, uçuş-enmə zolağına, o da standart ölçüdə olmalıdır. Yeni inşa edilən və ediləcək hər üç hava limanında uçuş-enmə zolağı üç kilometrə bərabərdir. Yəni, bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək.

Beləliklə, azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq. İndi demək çətindir, bu inşaat nə qədər zaman aparacaq. Ancaq, əlbəttə, biz istəyirik ki, maksimum qısa müddətdə aparılsın. Lakin bildirmək istəyirəm ki, mal-materialların gətirilməsi üçün logistik problemlər var. İndi yay başa çatır, bir müddətdən – oktyabr ayından sonra buralarda qar yağacaq. Mən bunu demək istəməzdim – yollardan istifadə çətinləşəcək. Hər halda, bu gün bu tarixi hadisə baş verir, biz Laçın Beynəlxalq Hava Limanının tikintisinə start veririk. Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz müstəqil Azərbaycan dövlətiyik, buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda yerli şirkətlərin fəal işləməsi önəmli amillərdən biridir. Bizimlə bərabər, böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər.

Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək.

Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını, laçınlıları, kəlbəcərliləri, bütün keçmiş köçkünləri ürəkdən təbrik edirəm.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə arıçılarla görüşüb söhbət ediblər. Qeyd edək ki, pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarında arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlər üçün şərait yaradılıb. Artıq arıçılar Kəlbəcərdə ilk məhsulu əldə ediblər. Arıçılar doğma yurdda əldə edilmiş baldan dövlət başçısına pay veriblər.

Daha sonra Prezident və birinci xanım Kəlbəcər şəhərinə gəliblər. Şəhərdə hər addımda işğalçıların törətdiyi vandalizmin izləri var. “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır...Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı Kəlbəcər şəhərində Dövlət bayrağını ucaldıb və çıxış edib. Prezident bildirib ki, işğalçılar Kəlbəcəri tərk etməyə məcbur olanda bizdən vaxt istədilər: “Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq. Biz indi kitablar da dərc edirik, göstəriş vermişəm, təqdimatlar da olacaq. Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək. Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir”.

İlham Əliyev vurğulayıb ki, ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi: “Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər”.

 

“Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik”

 

Prezident qeyd edib ki, biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk: “Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir.

Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca – Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik.

Daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir. Mən hələ əsas şəhərlərarası yolları kənara qoyuram, o layihələr haqqında kifayət qədər məlumat verildi. Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək. Yəni, torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək. Əlbəttə ki, Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq. Ona görə, bu məsələ ilə bağlı bəzən hansısa xarici dairələrdə də qeyri-adekvat fikirlər səsləndirilir. Buna ehtiyac yoxdur. Biz harada lazım bilmişiksə, orada da durmuşuq və əgər bu kimisə narahat edirsə, əgər kimsə əsəbləşirsə, necə deyərlər, getsinlər, su içsinlər”.

Dövlət başcısı çıxışının sonunda bir daha qeyd edib ki, indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir: “Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur.

Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”