Diaspor nümayəndələrinin mədəniyyət paytaxtımıza növbəti səfəri

 

Avqustun 17-də Azərbaycan diasporu nümayəndələrinin Şuşa şəhərinə növbəti səfəri gerçəkləşib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, mütəmadi olaraq diaspor nümayəndələrinin, xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərləri beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında əvəzsiz rol oynayır.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı – Bazarbaşı, Cıdır düzü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşudbanu Natəvanın evi, “Xan qızı” bulağı, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidləri və digər tarixi yerləri ziyarət ediblər.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə diaspor nümayəndələrinə ətraflı məlumat verilib.

Qeyd olunub ki, diaspor nümayəndələrinin iyulun 27-də Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərinə ilk səfəri dünya azərbaycanlıları, eləcə də Azərbaycan ictimaiyyəti arasında böyük maraqla qarşılanıb və təqdir olunub.

Xatırladaq ki, Şuşaya ilk səfərdə 20-dən çox ölkədən tarixi vətənə gəlmiş diaspor nümayəndələri iştirak etmişdi. Budəfəki səfərə 26 ölkədəki Azərbaycan diaspor nümayəndələri qatılıb.