Ağdama gəlməkdə məqsədimiz erməni vandallığının izlərini gözlərimizlə görməkdir. Ermənilər son 30 ildə bu ərazidə dünyada misli görünməmiş vəhşiliklər törədiblər.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu sözləri avqustun 16-da QHT nümayəndələrinin Ağdama səfəri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.  Agentliyin təşəbbüsü ilə təşkil olunan səfərə 70-dən artıq QHT qatılıb.

A.Quliyev bildirib ki, ermənilərin məqsədi Azərbaycanın bu torpaqlardakı tarixini, mədəniyyətini silib yox etmək olub: “Biz inanırıq ki, Azərbaycan dövləti qısa müddətdə bu torpaqları işğaldan necə azad etdisə, eləcə də quracaq və bərpa edəcək. Ağdamın baş planı təsdiq olunub və Ağdam şəhəri dünyada ən gözəl şəhərlərdən biri olacaq. Ağdam Qarabağın iqtisadi mərkəzi olacaq. Azərbaycan xalqı bu bölgəni barış, sülh mərkəzinə çevirəcək”.

A.Quliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu istiqamətdə planlarından da söz açıb. Bildirib ki, agentliyin strategiyası və qrant siyasəti həm maddi, həm təşkilati, həm də informasiya baxımından ilk növbədə məhz Qarabağda quruculuq prosesinə yönəldiləcək: “İlk növbədə, ərazilərin minadan təmizlənməsi prosesinə diqqət yetirilməlidir. Ərazilərin minalardan təmizlənməsi bu gün həyati əhəmiyyət daşıyır. Hesab edirəm ki, xarici partnyorların cəlb olunması baxımından QHT-lərin böyük potensialı var”.

Digər əsas məsələ isə Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılmasıdır: “Təəssüflər olsun ki, son vaxtlar Ermənistan tərəfindən Azərbaycana qarşı yeni yalan, böhtan kampaniyasına başlanılıb. QHT-lərin kifayət qədər potensialı var ki, beynəlxalq təşkilatları, xüsusilə ATƏT-i, Avropa İttifaqını, BMT-ni, Avropa Şurasını, onların digər qurumlarını bu istiqamətdə həm məlumatlandırsın, həm də onları Qarabağda quruculuq prosesinə, xüsusilə də ərazilərin minalardan təmizlənməsi prosesinə cəlb etsin”.

Müşahidə Şurasının sədri artıq xarici QHT-lərdən müraciətlər olduğunu qeyd edib: “Bu istiqamətdə iş aparırıq. Xüsusilə ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar bir neçə xarici QHT ilə təmasımız var. Biz bunu dövlətlə koordinasiyalı şəkildə elə həyata keçiririk ki, effektiv olsun. Digər tərəfdən, dövlət olaraq, maraqlıyıq ki, məhz Qarabağın quruculuğunda beynəlxalq təşkilatlar, humanitar təşkilatlar yaxından iştirak etsin, həm maddi, həm təşkilati, həm də humanitar baxımdan bu prosesə töhfə versinlər. Ümid edirəm ki, agentliyin fəaliyyəti yaxın zamanlarda tam işə düşəcək. Əsas hədəfimiz, istiqamətimiz odur ki, Qarabağın quruculuq prosesində QHT-lər üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin”.