Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsili müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə ixtisas təhsili alacaq tələbələrin “Turizm sahəsində dual təhsil proqramı”na başlayıb.

Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

Proqram müddətində tələbələr ilk ayı təhsil müəssisəsində keçirəcək və ilkin baza biliklərini öyrənəcəklər. İkinci aydan etibarən seçilmiş tələbələr həftə ərzində bir neçə gün peşə təhsil müəssisəsində - nəzəri biliklərə, həftənin digər qismində isə hotellərdə onlara təyin olunmuş mentorlar vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.

İlkin olaraq proqramın Bakı və Qəbələ şəhərlərində yerləşən peşə təhsili müəssisələrində ümumilikdə 4 qrup olmaqla tətbiqi nəzərdə tutulub. Birillik tədris müddətinin sonunda tələbələr diplom əldə edəcəklər. Proqram Bakıda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində və Bakı Turizm Peşə Məktəbində aşpaz ixtisası üzrə, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində isə aşpazlıq və turizm sahəsində iaşə üzrə hazırlıq həyata keçiriləcək.

Dual təhsil proqramına tələbə qəbulu dövlət-özəl sektorun nümayəndələri tərəfindən müsahibə yolu ilə həyata keçiriləcək. Proqrama qatılmaq istəyən şəxslər 20 avqust tarixinədək http://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək ixtisas seçimini yekunlaşdırmalıdır.