Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qazax Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxanasının bir qrup əməkdaşı tərəfindən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tibb xidməti leytenantı Adil Əfəndiyevin ailəsi ziyarət edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialının əməkdaşları Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayevin ailəsi ilə görüş keçiriblər.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Mədəniyyət Mərkəzinin Sarvan Folklor evində şair Firdovsi Sarvanlının “Hər bir şəhid Vətəndir” kitabının təqdimatı keçirilib. Təqdimatda rayon rəsmiləri, millət vəkilləri, mədəniyyət işçiləri iştirak edib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində Dünyamalılar kənd şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib. Çıxış edənlər xalqımıza Qələbə sevinci yaşadan qəhrəman oğulların xatirəsinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür ediblər.

Astara rayonunun Asxanakəran kəndində şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun büstünün açılış mərasimi keçirilib. Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət Mərkəzi, Asxanakəran kənd Diyarşünaslıq klubunun nümayəndələri və şəhid ailələri iştirak ediblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı olan İ.Qutqaşınlının Ev-Muzeyində yerli yazıçı Şəhla Xəlilqızının “Vətən oğulları” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə şəhid ailələri və yerli yazarlar iştirak ediblər.

Vətən müharibəsi şəhidlərinin valideynləri və yaxınları Masallı Regional Mədəniyyət İdarəsi Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Ziyarət zamanı qonaqlar muzeyin fəaliyyəti ilə tanış olub, şəhidlərlə bağlı yaradılmış guşədə sərgilənən əşyalara baxış keçiriblər.

Masallı Regional Mədəniyyət İdarəsi Vətən Müharibəsi Qəhrəmanı şəhid gizir İntiqam Əsgərlinin doğum günü ilə əlaqədar Masallı rayonunun Viləş kəndində mərasim keçirib. Əvvəlcə 2016-cı ilin Aprel döyüşlərinin şəhid giziri Nurlan Əsgərlinin və qardaşı İntiqam Əsgərlinin xatirəsinə inşa olunmuş bulağın və memorial guşənin açılışı olub. Sonra şəhid qardaşların kənd qəbiristanlığındakı məzarları ziyarət edilib. Şəhidlərin ailə üzvləri ilə görüşən idarə rəisi Bəxtiyar Qılıncov Vətən övladlarının ruhuna dərin ehtiramını ifadə edib.