Ankarada Türkmənistanın mədəniyyət və incəsənətinə həsr olunmuş sərgi

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un üzvü olan beş keçmiş sovet respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyədə silsilə tədbirlər davam edir. Avqustun 16-da Ankarada, Türkiyə Milli Kitabxanasında təşkil olunan növbəti tədbir Türkmənistana həsr olunmuşdu.

TÜRKSOY, Türkmənistanın Ankaradakı Səfirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı ilə gerçəkləşən tədbirdə Türkmənistanın mədəniyyət və  incəsənət nümunələri, bu ölkənin tarixi-mədəni irsini  və müasir inkişafını əks etdirən fotolar nümayiş olundu.

Açılış mərasimində çıxış edən Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam sərginin Türkiyənin və ata yurdu Orta Asiya və Türkmənistanın böyük bir ailə olduğunu göstərən faktor olduğunu ifadə etdi: “Ata yurdumuzdan gələn sevgi selinin axmasını diləyirik. Əbədi yaşamaq və bu prosesi davam etdirmək üçün hamımız bir-birimizə kömək etməli, birlikdə çalışmalıyıq”.

Nazir müavini Türkmənistanın TÜRKSOY-da qurucu ölkə olaraq gördüyü işlərdən qürur duyduqlarını da dilə gətirdi.

Türkmənistanın Ankaradakı səfiri İşankuli Amanlıyev isə çıxışında mədəniyyət və incəsənət sahəsinin də ölkəsinin xarici siyasətində əhəmiyyətli bir yer tutduğunu bildirdi: “Xalqımızın mədəni dəyərlərini və milli irsimizi bugünkü şərtlərdən yenidən yoğurmaqla müasir şəkildə işıqlandırırıq. İnkişaf prosesimizdə əhəmiyyətli bir faktor olan mədəniyyət sahəsi, bir tərəfdən yeni dövrün tələblərinə cavab verir, digər tərəfdən Türkmənistanın sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli bir potensial təqdim edir”.

TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyənin şəhərlərində keçirilən müxtəlif tədbirlərin, səyyar sərgilərin əhəmiyyətindən söz açdı.

Çıxışlardan sonra Türkmənistanla bağlı fotoşəkillər, türkmən rəssamlarının rəsmləri, türkmən mədəniyyətinə aid geyim və əşyalardan ibarət sərgiyə baxış keçirildi.

Mehparə SULTANOVA
Ankara