Respublika Gənclər Kitabxanası sosial şəbəkə istifadəçilərini Vətən müharibəsinin qəhrəmanları, cəsur əsgərləri ilə tanış etmək məqsədilə onlarla silsilə canlı yayımlarını davam etdirir.

“İnstagram” sosial şəbəkəsində “Zəfərə gedən yol” layihəsi çərçivəsində 18 avqustda təşkil olunan növbəti canlı yayımın qonağı müharibə iştirakçısı, 36 gün erməni əsirliyində olmuş əsgər Anar Əliyev olub.

O, izləyicilərə qısaca olaraq özü haqqında məlumat verib. Sonra o, könüllü olaraq cəbhəyə yollanması, Cəbrayıl və Fizuli rayonları ərazisində iştirak etdiyi döyüşlər, yaralanması, düşmən tərəfindən əsir götürülməsi barədə danışıb, əsirlik həyatının acı xatirələri, gördüyü işgəncə və zülmlərdən bəhs edib. Anar Əliyev, həmçinin onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarından böyük ehtiramla söhbət açıb.

Canlı yayımın sonunda Vətən müharibəsi qazisi Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə minnətdarlığını bildiribi.

İstifadəçilər qazi Anar Əliyev iştirakı ilə  keçirilən canlı yayıma bu link vasitəsilə baxa bilərlər: https://www.instagram.com/p/CSt5tLYiJBm/