İspan nəşri işğaldan azad edilmiş ərazilərdəki layihələr haqqında

 

İspaniyanın iqtisadi, maliyyə və siyasi informasiyalar üzrə ixtisaslaşan “EL BOLETÍN” qəzetinin onlayn nəşrində “Azərbaycan işğaldan azad edilmiş ərazilərini yüksək texnologiyalar zonasına çevirir” sərlövhəli məqalə dərc edilib.

Nəşrdə Vətən müharibəsi bitdikdən sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı” Dövlət Proqramının hazırlandığı bildirilir, bu məqsədlə müəyyən vəsaitin ayrıldığı qeyd olunur.

Diqqətə çatdırılır ki, beş ildən sonra investisiyalar xarici sərmayələr hesabına artım perspektivi ilə 5,2 milyard dollara çatacaq, investorlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı da var.

Nəşr oxucularına logistika əlaqələrinin bərpası ilə bağlı planlaşdırılan layihələr, həmçinin azad olunmuş ərazilərdə inşa olunacaq üç hava limanı barədə də məlumat verir. Qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə logistika əlaqələrinin qurulması və inkişafı üçün yaxşı imkanlar var: “Azərbaycan Hökumətinin əsas məqsədlərindən biri də bu ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasıdır. Yaşıl energetika zonasının yaradılması prosesi artıq başlayıb”.

Diqqətə çatdırılır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhərlər və kəndlər dünyanın ən qabaqcıl texnologiyaları tətbiq olunmaqla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulacaq. İlk “ağıllı kənd” Zəngilan rayonunda yaradılır. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş şəhər və kəndlərini bölgənin ən inkişaf etmiş ərazilərindən birinə çevirmək niyyətini nümayiş etdirir.