Pakistanın Müasir Dillər Universitetində  Azərbaycan dili və mədəniyyəti mərkəzi açılacaq. Bu barədə məsələ Azərbaycan Dillər Universiteti (ADU) rektorunun köməkçisi Anar Rəhimov Pakistanın Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər ilə görüşündə müzakirə olunub.

Anar Rəhimov ADU-da yenicə açılmış Pakistan mədəniyyət mərkəzi haqqında məlumat verib və rektor Kamal Abdullanın təşəbbüsü ilə Müasir Dillər Universitetində də Azərbaycan dili və mədəniyyəti mərkəzini açmaq və qardaş Pakistanda “Azərbaycan multikulturalizmi” fənnini tədris etmək niyyətləri olduğunu diqqətə çatdırıb. Belə layihələrin ölkələrimiz arasında elm və təhsil əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib.

Məhəmməd Cəfər öz növbəsində Azərbaycan-Pakistan münasibətlərindən bəhs edib, iki ölkənin bir-birini hər zaman dəstəklədiyini bildirib. Rektor Müasir Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını və “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsi planını məmnunluqla qarşılayıb, mərkəzin açılması ilə bağlı universitet rəhbərliyi tərəfindən lazımi kömək göstəriləcəyini əminliklə ifadə edib.

Azərbaycan dili və mədəniyyəti mərkəzinin 2021-ci ilin sentyabr ayında açılması planlaşdırılır.