Avqustun 20-də ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlanır. Dövlət İmtahan Mərkəzi bununla bağlı abituriyentlərə müraciət edib.

Müraciətdə qeyd olunur ki, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

İxtisas seçimi DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

Hər il olduğu kimi, bu il də DİM-in nəşr etdiyi  “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər abituriyentlərə kömək olacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müvafiq qruplar üzrə müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında isə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Abituriyentlər həmçinin DİM-in regional bölmələrində, eləcə də paytaxtda Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər isə avqustun 19-da qabiliyyət imtahanı veriblər. Bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak ediblər. İmtahanda iştirak üçün 760 abituriyent qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunub.

İmtahanın başlanmasından əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 210-dan çox mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar. Nəticələr yaxın günlərdə elan olunacaq.

Avqustun 20-də isə DİM tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün növbəti qabiliyyət imtahanları keçiriləcək. Abituriyentlər islamşünaslıq (ali), bədən tərbiyəsi (9 və 11 illik), musiqi (ali və 9 illik) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.