Şuşa sakinləri otuzillik həsrətdən sonra doğma şəhərdə

 

Avqustun 19-da bir qrup Şuşa sakininin doğma şəhərə səfərləri təşkil olunub. Otuzillik həsrətdən sonra işğaldan azad edilən Şuşaya – mədəniyyət paytaxtımız Şuşaya ayaq basan sakinlər əvvəlcə öz evlərini ziyarət edib, xatirələrini jurnalistlərlə bölüşüblər.

Şuşalılar bu günü onlara yaşatdıqları üçün müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, qüdrətli Ordumuza minnətdarlıqlarını ifadə edib, tezliklə öz doğma torpaqlarına əbədi yaşamaq üçün geri dönəcəkləri günü səbirsizliklə gözlədiklərini vurğulayıblar.

“Bundan sonra Şuşanın qapısı şuşalılara açıqdır” – bu sözləri şəhər sakinləri ilə görüş zamanı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, altı ay bundan qabaqkı Şuşa ilə bugünkü Şuşa arasında böyük fərq var, abadlıq işləri aparılır, bir sıra iaşə obyektləri tikilir. Prezident tərəfindən məktəb və məscidin təməli atılıb və tezliklə bunların tikintisinə başlanılacaq: “Şuşada ilk olaraq Prezidentin xüsusi nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin yaranması, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunların hamısının əyani sübutudur. Cənab Prezident Şuşaya xüsusi önəm verir. Artıq “Zəfər yolu”nda da tamamlanma işləri gedir”.

Şuşanın partlamamış silah-sursat və minalardan təmizləndiyini də vurğulayan M.Abbasov yaxın vaxtlarda bu işlərin yekunlaşacağını deyib: “Bu sadaladığım amillər Şuşaya gəlməkdə əsas maneələr idi. Bu maneələr indi aradan qaldırılır. Bundan sonra Şuşanın qapısı şuşalılara açıqdır. Hər zaman bura səfərlər təşkil olunacaq. Biz bu səfərlərdə əsasən yaşlı nəslin nümayəndələrinə üstünlük verəcək, sonra yavaş-yavaş cavan nəslin nümayəndələrinin də səfərlərini təşkil edəcəyik”.

Səfər zamanı şuşalılar şəhərdə aparılan quruculuq, bərpa işləri ilə tanış olublar. Sakinlər şəhərdə yerləşən erməni vandalları tərəfindən dağıdılmış tarixi, dini və mədəni abidələri ziyarət edib, Cıdır düzündə olublar. Şuşalılar doğma şəhərdə Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərini də ziyarət edib, namaz qılıb, dualar oxuyublar.

Təəssüratımızı sözlə ifadə etmək mümkün deyil. Bunlar insanı kövrəldən hisslərdir. Şükürlər olsun ki, 30 ildən sonra doğma torpağımıza ayaq basdıq. Bu sözləri işğaldan azad edilən Şuşaya ayaq basan şəhər sakini Sofiya Salahova deyib.

“Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Prezidentimiz var olsun ki, bizə bu gözəl hissləri yaşatdı. Sevincimizin həddi-hüdudu yoxdur. Bütün təşkilatçılar sağ olsunlar ki, bizi buraya gətirdilər. O gün olsun ki, uşaqlarımız tezliklə bu torpaqlarda böyüsünlər”, - deyə o vurğulayıb.