Beş kənd və bir qəsəbənin yenidən qurulması üzrə müsabiqəyə yekun vurulub

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Silahlı Qüvvələri otuz ilə yaxın sürən işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdikdən sonra yaşayış məntəqələrinin dirçəldilməsi və  irimiqyaslı bərpa-quruculuq işləri qarşıda duran əsas vəzifədir.

Azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli sərəncamına əsasən, Əlaqələndirmə Qərargahı, İdarələrarası Mərkəz və müvafiq sahələr üzrə işçi qrupları yaradılıb. Əlaqələndirmə Qərargahının nəzdində Şəhərsalma məsələləri üzrə İşçi qrupu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi ilə fəaliyyət göstərir. Şəhərsalma məsələləri üzrə İşçi qrupunun 1 iyul tarixində keçirilən iclasında “Qədim Qarabağın yenilənən siması” adlı açıq müsabiqənin keçirilməsi barədə qərar qəbul olunmuşdu.

Müsabiqədə iştirak üçün layihələr 31 iyul tarixinədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qəbul olunub.

Komitədən verilən məlumata görə, bərpa-quruculuq işlərinin sistemli şəkildə aparılması, ölkə memarlarının və şəhərsalma mütəxəssislərinin Qarabağda yenidənqurma proseslərində iştirakının təmin edilməsi məqsədilə keçirilən “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqəyə yekun vurulub. Məlumatda bildirilir ki, indiki mərhələdə 5 kəndi (Sarıcalı – Ağdam; Şəlvə – Laçın; Horadiz – Füzuli; Böyük Mərcanlı – Cəbrayıl; Zar – Kəlbəcər) və 1 qəsəbəni (Xudafərin – Cəbrayıl) əhatə edən müsabiqənin hədəfi eyni zamanda gənc memar və layihəçilər arasında istedadların müəyyən edilməsi və onların yanaşmalarının öyrənilməsi, eləcə də təqdim olunan layihələrdə qeyri-standart konsepsiyaların axtarışı idi. Münsiflər heyətinin iclasında müsabiqənin şərtlərinə cavab verən 21 layihədən ən yaxşıları müəyyən edilib.

Münsiflər heyətinin qərarına əsasən, təqdim olunan layihələrdən Ağdam rayonunun Sarıcalı, Laçın rayonunun Şəlvə kəndləri ilə bağlı 1-ci, 2-ci və 3-cü yerlər üzrə qaliblər seçilib. Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi və Xudafərin qəsəbəsi üzrə 1 layihə 2-ci yerə, 2 layihə isə 3-cü yerə layiq görülüb.

Kəlbəcər rayonunun Zar kəndi üzrə isə yalnız 1 layihə 2-ci yerə layiq olub.

Xatırladaq ki, 1-ci yerin sahibinə 5000 manat, 2-ci yerin sahibinə 3000 manat, 3-cü yerin sahibinə isə 2000 manat pul mükafatı, digər iştirakçılara isə diplomlar təqdim ediləcək. Layihələr yaşayış məntəqələrinin mövcud vəziyyətinin analizi, tarixi kontekstlə əlaqələri, orijinallıq, simvolizm, bütövlük, həmçinin uğurlu və peşəkar bədii-qrafik və memarlıq həlləri, vizual təqdimatlar üzrə qiymətləndirilib.

Müsabiqənin münsiflər heyətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, “Bakı Abadlıq Xidməti” MMC-nin rəhbəri Bünyad Qasımov və memar Abdul Hüseynov yer alıb.

Qeyd edək ki, müsabiqədə əsasən gənc mütəxəssislər iştirak edib və bir sıra maraqlı layihə həlləri irəli sürülüb. Qalib layihələrdə dayanıqlı həyat şəraitinin yaradılmasına, müasir memarlıq həllərinin milli memarlıqla sintezinə, yaşayış məntəqələrinin gələcək texnoloji inkişafının həlledici istiqamətlərinə dair təkliflər əks olunub. Müsabiqədə qalib gələn layihələr kəndlərdə aparılacaq bərpa-quruculuq işlərində nəzərə alınacaq.

Seçilmiş layihələr və onların müəllifləri haqqında daha ətraflı məlumatla www.bizimqarabagh.az saytında tanış olmaq mümkündür.