Arxeoloq Qafar Cəbiyev haqqında kitabın təqdimatı

 

Avqustun 17-də “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” adlı kitabın təqdimatı keçirilib. Kitabda ötən il tanınmış arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin 70 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən keçirilmiş beynəlxalq onlayn konfransın materialları toplanıb.

Təqdimatı giriş sözü ilə qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. Bildirib ki, professor Qafar Cəbiyev uzun illərdir ki, Qəbələ, Ağsu, İsmayıllı, Kürdəmir və Şamaxı rayonlarında aparılan arxeoloji tədqiqatlara rəhbərlik edib. Həmin tədqiqatlar nəticəsində Antik və Orta əsrlər tarixinin bir sıra məsələlərinə elmi cəhətdən aydınlıq gətirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu da məhz alimin tədqiqatlarının nəticəsidir. Professor Qafar Cəbiyev yazılı mənbələrdə adı çəkilən, lakin yeri bilinməyən Mehrəvan şəhərinin qalıqlarını üzə çıxarıb, orada genişmiqyaslı tədqiqat işi aparıb. Fariz Xəlilli professor Qafar Cəbiyevin arxeologiya elmi sahəsində məktəbin əsasını qoyduğunu qeyd edib, onun yetirmələrinin müxtəlif ekspedisiyalarda səmərəli şəkildə işlədiyini bildirib. 

Təqdimat mərasimində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov, “Qəbələ” Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Araz Manaflı, Ağsu Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə, Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və digər elmi müəssisələrin əməkdaşları iştirak ediblər.

Mahir Qəhrəmanov çıxış edərək mədəniyyət naziri Anar Kərimovun və Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin salam və təbriklərini çatdırıb, alimin elmi nailiyyətlərinin və nəşrlərinin yüksək qiymətləndirildiyini qeyd edib. O, professor Qafar Cəbiyevə Mədəniyyət Nazirliyinin “Fəxri fərman”ını təqdim edib.

Sonda professor Qafar Cəbiyev Azərbaycanda arxeologiya elminin inkişafı sahəsində xidmətlərini yüksək dəyərləndirdiklərinə görə təşəkkür edib, kitabı tədbir iştirakçıları üçün imzalayıb.