Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləridir. Ölkə rəhbərliyi tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılan vəsaitin həcmi bölgənin dirçəlişinə mühüm zəmin yaradır.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərin təbii ehtiyatlarının zənginliyi və böyük iqtisadi potensiala malik olması xarici investorların da diqqətini cəlb edir. Bu prosesi təşviq etmək üçün 20-22 oktyabr 2021-ci il tarixində Bakı Expo Mərkəzində 1-ci Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2021) sərgisinin keçirilməsi nəzərdə tutulur.

Sərginin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Azərbaycanın Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi həmçinin şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platforması yaradacaq.

Sərginin saytında verilən məlumata görə, “Rebuild Karabakh 2021” Azərbaycanda beynəlxalq sərgi və konqreslərin təşkilatçısı –“Caspian Event Organisers” (CEO) tərəfindən keçiriləcək. Sərgiyə rəsmi dəstək verən qurumlar: Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu.

Sərgi çərçivəsində işğaldan azad edilmiş ərazilərin davamlı inkişafı ilə bağlı konfrans, ərazilərin bərpası haqqında beynəlxalq və yerli ekspertlərin təcrübə mübadiləsi, mədəni abidələrin bərpası, Qarabağ bölgəsinin turizm potensialı, Qarabağın enerji potensialı, şəhid və qazi ailələri üçün mikro biznes proqramları üzrə müzakirələr, startaplar müsabiqəsi, iştirakçı şirkətlər tərəfindən Qarabağın bərpası ilə əlaqədar layihə təqdimatları və digər tədbirlər nəzərdə tutulur.