Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa tezis qəbulu davam edir. Konfrans “Nizami Gəncəvi İli” çərçivəsində təşkil ediləcək.

İnstitutdan bildirilib ki, tezislər konfrans-880@mail.ru ünvanına avqustun 31-dək göndərilməlidir. Məruzələrin tezisləri Azərbaycan, türk, rus, ingilis və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən noyabrın 24-də keçirilməsi nəzərdə tutulan “Milli-mədəni irsimiz: Aşıq Ələsgər yaradıcılığı” mövzusunda respublika elmi-nəzəri konfransına da tezis qəbulu davam edir. Universitetdən bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezislərini oktyabrın 10-dək admiu.meqale@yandex.ru elektron poçtuna göndərə bilərlər.

AMEA-nın Qafqazşünaslıq İnstitutu isə sentyabrın 24-də keçiriləcək “Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri: tarix və müasirlik” mövzusunda respublika elmi konfransına məqalə qəbul edir.

Konfrans XIX əsrdə ermənilərin Cənubi Qafqaza köçürülməsi və ərazi dəyişiklikləri, 1918-1920-ci illərdə Cənubi Qafqazda ərazi-sərhəd məsələləri və Ermənistanın yaradılması, sovet dövründə ərazi-sərhəd məsələləri, 1991-ci ildən sonra Cənubi Qafqazda ərazi işğalları və nəticələri bölmələrini əhatə edəcək. İştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək qafqazkonfrans2@gmail.com ünvanına göndərə bilərlər.