“Dubay EXPO”sərgisində ölkəmiz də təmsil olunacaq

 

Dünyanın ən böyük sərgisi olan EXPO-ya bu il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhəri ev sahibliyi edəcək. EXPO-nun əsas dünya sərgisi beş ildən bir təşkil edilir, həmçinin 2-3 ildən bir ixtisaslaşmış EXPO sərgiləri keçirilir. Dünya sərgisinə ev sahibliyi etmək Olimpiya Oyunları qədər nüfuzlu hadisə sayılır.

Dubay sərgisi keçən il açılmalı idi, lakin  COVİD-19 pandemiyası səbəbindən təxirə salınmışdı. Oktyabrın 1-də açılışı nəzərdə tutulan “Dubay EXPO 2020” sərgisinin Yaxın Şərq ölkələri üzrə ən yaxşı pavilyonları təqdim edilib.

Ev-sahibi Birləşmiş Ərəb Əmirliklərinə məxsus pavilyon qanadını açmış şahin formasındadır və onun dizaynına 7 ay vaxt sərf olunub. Pavilyonun sahəsi 15 min kvadratmetrdir. Binanın içərisində BƏƏ-nin tarixinə aid interaktiv panellər quraşdırılıb.

Səudiyyə Ərəbistanının pavilyonu sahəsinə görə üçüncü yerdədir. Ümumilikdə 13 min kvadratmetr sahəsi olan bu unikal binada 68 kvadratmetrlik LED ekran quraşdırılıb, həmçinin divarlarda ölkənin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş 14 məkanı əks olunacaq.

İsrail pavilyonunun divarları səhranın rəmzi olan qum dənələri ilə işıqlandırılıb, burada 630 kvadratmetrlik LED işıqları olan panellər quraşdırılıb. Sahəsinə görə birinci yerdə olan bu pavilyonun (15 min kvadratmetr) hündürlüyü 15 metrdir.

Küveyt pavilyonunun ümumi sahəsi 4450 kvadratmetrdir. Bu bina xüsusi arxitektura dizaynı ilə fərqlənir. Küveyt pavilyonunda da əsas elementlər səhra qumu, həmçinin onun üzərindəki şəlalədir.

Təqdimat mərasimində Misir və Omanın da pavilyonları nümayiş etdirilib.

Qeyd edək ki, “Dubay EXPO”-da Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təmsil olunacaq. Azərbaycan pavilyonu bu il iyunun 25-də Heydər Əliyev Mərkəzində keçirilmiş mərasimdə təqdim edilib.

Azərbaycan pavilyonunun komissar müavini Nərmin Carçalova bildirib ki, ölkəmiz  “Milan EXPO 2015”dən bu yana öz milli pavilyonu ilə bütün EXPO tədbirlərində iştirak edib. Azərbaycan “Dubay EXPO 2020” sərgisində iştirakla bağlı təsdiqini verən ilk ölkələrdən biridir. 2017-ci ildən başlanılan pavilyonun tikintisi artıq yekunlaşmaq üzrədir.

Azərbaycan pavilyonunun direktoru Rüstəm İbrahimovun sözlərinə görə, mədəni diplomatiya, əməkdaşlıq əlaqələri qurmaq, digər ölkələrdə potensial turistlərlə, biznes tərəfdaşları və investorlarla dialoq yaratmaq üçün “Dubay EXPO 2020”də iştirak böyük önəm kəsb edir. Ölkəmizin beynəlxalq sərgilərdə iştirak təcrübəsini, o cümlədən son illərdə Milan, Antalya və Astanada keçirilən sərgilərində milli pavilyonla uğurla təmsil olunmasını nəzərə alsaq, budəfəki pavilyonumuzun da ziyarətçilərin böyük marağına səbəb olacağı gözlənilir.

Ərazi baxımından “Dubay EXPO” indiyədək təşkil olunan ən böyük sərgidir. Sərginin 400 hektardan çox ərazisi var. “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusunda keçirilən beynəlxalq sərgidə 190 ölkə təmsil olunacaq. 2022-ci il martın 31-dək davam edəcək sərginin ərazisi tematik olaraq 3 hissəyə bölünür: davamlılıq, mobillik və imkan. Azərbaycanın pavilyonu “davamlılıq” bölümündə yerləşir.

Azərbaycan sərgidə “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunacaq. Bu mövzu yaşadığımız dünyanın və mühitin dayanıqlı inkişafda yeganə yolunun gələcəyə sərmayə yatırımlarına bağlı olduğunu vurğulayır. Pavilyonun konsepsiyası dəyişikliyin subyekti və obyekti, təşəbbüskarı və əsas aparıcı qüvvəsi olan insan kapitalını əks etdirir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonumuzun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.