Ağcabədi Regional Mədəniyyət İdarəsi Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində regional idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Regional idarənin rəisi Qalib Həsənov yaxın gələcəkdə idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində köklü islahatların aparılacağını vurğulayıb, rəhbərliyin qarşıya qoyduğu tapşırıqların vaxtında, dəqiq, şəffaf və məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər S.Vurğun adına Folklor klubunda Şirvan və Şəki şəhər mədəniyyət mərkəzlərinin dostluq görüşü keçirilib. Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan görüş görkəmli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) doğum günü (17 avqust) münasibətilə gerçəkləşib. Şəki Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilov və Şirvan Mədəniyyət Mərkəzinin direktoru Nəmidə Quluzadə ecazkar səsi ilə dünyanı fəth edən müğənninin yaradıcılığından söz açıblar. Musiqili proqramla davam edən görüşdə təqdim olunan bir-birindən maraqlı musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.

Ağstafa Regional Mədəniyyət İdarəsi və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair İsa Cavadoğlunun 90 illik yubileyi qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov və başqaları çıxış edərək yubilyarı təbrik ediblər.

Qazax rayon Mədəniyyət Mərkəzində 18 avqust – Sərhəd Qoşunları Günü münasibətilə “Müqəddəs sərhədlərimiz etibarlı əllərdədir” adlı dəyirmi masa keçirilib. Tədbirdə bir qrup mədəniyyət işçisi və I Qarabağ müharibəsi veteranı Qurban Qurbanov iştirak edib. Qazax Dövlət Rəsm Qalereyasında isə əlamətdar günlə əlaqədar “Vətən sərhəddən başlayır” adlı sərgi təşkil olunub.

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan Dövlət Rəsm Qalereyası həvəskar uşaq və yeniyetmələrin iştirakı ilə “Mənim natürmortum” adlı sərgi və ustad dərsi təşkil edib. Ustad dərsində qalereyanın direktoru Çinarə Vəliyeva şagirdlərə natürmort janrının işlənmə texnikası haqqında məlumat verib. Sərgidə natürmort janrında işlənmiş 20-dən artıq əsər nümayiş olunub.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzində gənc könüllülərin iştirakı ilə “Narkomaniya, narkobiznes və ona qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mərkəzi uşaq kitabxanasında balaca oxucular üçün “nağıl saatı” təşkil olunub.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Nizami adına mədəniyyət və istirahət parkında səyyar kitabxana xidməti təşkil edib. MKS-nin Alpan kənd kitabxanası “Zəfər bayramın mübarək” başlığı altında tədbir keçirib. MKS-nin Əski İqriq kənd kitabxana filialında isə “Qalib ölkənin qəhrəman Ordusu” mövzusunda tədbir keçirilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ Dövlət Rəsm Qalereyasında gənc rəssamların müxtəlif mövzularda çəkilmiş rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Bərdə rayon MKS-nin Hüseynbəyli kənd kitabxana filialında “Gənclər və kitabxana” adlı görüş təşkil edilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS ulu öndər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Mən oxudum, səndə oxu” adlı səyyar kitabxana qutuları təşkil edib. Maraqlı üslublarda hazırlanmış qutularda müxtəlif mövzulu kitablar, jurnallar, broşür və qəzetlər oxucuların istifadəsinə verilib. Layihənin məqsədi sakinlərin, xüsusilə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, oxucu marağının artırılması, mütaliə mədəniyyətinin daha da yüksəldilməsidir.

Nurəddin MƏMMƏDLİ