Avqustun 20-də Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901-1979) anadan olmasının 120 illiyi tamam oldu.

Azərbaycan klassik xanəndəlik ənənələrinin layiqli davamçılarından olan Xan Şuşinski müstəsna fitri istedadı, geniş diapazonlu gur və məlahətli səsi ilə muğam ifaçılığı sənətimizi zənginləşdirib. Bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edən, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi dillər əzbəri olan mahnı və təsnifləri bəstələn sənətkarın ifasında səslənmiş muğam və xalq mahnıları əsl sənət inciləri kimi milli musiqi mədəniyyəti xəzinəmizə həmişəlik daxil olub.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən böyük sənətkarın yubileyi münasibətilə “Xan Şuşinski – 120” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə muğam ustadının həyat və yaradıcılığı haqqında materiallar, rəsmi sənəd, fotolar, mükafatları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xan_Shushinski_120/index.htm linkindən istifadə edə bilərlər.