AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı” monoqrafiyası Romada italyan dilində (“La letteratura Azerbaigiana di inizio novecento tı”) çapdan çıxıb.

Monoqrafiyada akademikin Azərbaycan ədəbiyyatı tarixində zənginliyi ilə seçilən XX əsrin əvvəllərində yaşayıb-yaratmış görkəmli ədəbiyyat xadimlərinin, yazıçı və şairlərin həyat və yaradıcılıqları haqqında portret oçerkləri yer alıb. Nəşrdə Azərbaycan ədəbiyyatında maarifçi realizm, tənqidi realizm və romantizm ədəbi cərəyanlarının görkəmli nümayəndələri haqqında portret oçerklər müvafiq bölgü əsasında təqdim olunub. Əlavə olaraq bu dövrün ədəbi-tənqidi fikrinin formalaşmasında mühüm rol oynamış görkəmli fikir adamları ayrıca fəsildə verilib.

Monoqrafiyanın sonunda sözügedən dövrə aid ədəbiyyatı özündə əks etdirən biblioqrafiya və İsa Həbibbəylinin bioqrafiyası yer alıb.

“Sandro Teti” nəşriyyatında çap olunan kitabın tərcüməçisi Giorgia Felici, redaktoru Giorgia Susannadır.