Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mənim düşüncəm – 2021” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir.

“Nizami Gəncəvi İli" çərçivəsində təşkil edilən müsabiqə rəssamlıq istedadı olan uşaq və gənclərin (yaşı 21-ə qədər) yay tətilində təsviri sənət bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

Xətai Sənət Mərkəzindən bildirilib ki, uşaq və gənclər çəkdiyi rəsmin fotosunu, əsərin adını, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini oktyabr ayının 10-dək Xətai Sənət Mərkəzinin “Facebook” qrupuna (https://www.facebook.com/groups/144172178999749/?ref=share yerləşdirməklə müsabiqəyə qatıla bilərlər. Hər iştirakçı ən çox 2 əsər göndərə bilər.

Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyası üzrə ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 yaş, 16-21 yaş.

Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət ediləcək.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində təşkil olunacaq.