594 abituriyentdən 559 nəfər “məqbul” qiymət alıb...

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 19-da keçirilmiş qabiliyyət imtahanının nəticələrini elan edib.

DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 760 abituriyentdən 166 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 594 abituriyentdən 559 nəfər “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 30-dək davam edəcək.

Avqustun 20-də DİM tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün növbəti qabiliyyət imtahanları da keçirilib. Abituriyentlər islamşünaslıq (ali), bədən tərbiyəsi (9 və 11 illik), musiqi (ali və 9 illik) istiqamətləri üzrə qabiliyyət imtahanı veriblər.

Növbəti qabiliyyət imtahanları avqustun 23-də təşkil ediləcək. Abituriyentlər təsviri incəsənət (ali), memarlıq (ali), musiqi (11 illik), bədən tərbiyəsi (ali və 11 illik) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.